“Avropa Şurasından ayrılmaq Avropa İttifaqı ilə münasibətlərin kəsilməsi demək deyil” - POLİTOLOQ DANIŞDI

17 İyul 2026 13:38 (UTC+04:00)

“13 iyul tarixində Şuşada “Medianın sülhün dəstəklənməsində missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə , Azərbaycan Prezidenti İlham Əliyev ənənəyə sadiq qalaraq forumun açılışında çıxış etdi:

”Dövlət başçısının nitqi çoxşaxəli olmaqla yanaşı, diqqətçəkən mesajları ilə də yadda qaldı. İlk növbədə Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurasından tamamilə ayrılma ehtimalına toxundu. Dövlət başçısı bildirdi ki, Azərbaycan Avropa Şurasından tam ayrılacağı təqdirdə ölkədə heç kim bunu hiss etməyəcək. Onun sözlərinə görə, bu baxımdan ciddi dəyişiklik baş verməyəcək, hətta bəlkə də belə olması daha məqsədəuyğun olar.

“Xüsusilə söhbət təkcə Avropa Şurası Parlament Assambleyasından getmir, Avropa Parlamentini də nəzərə alsaq, biz qarşıdurma istəmirik. Yenə də deyirəm, bizə qarşı əsassız addımlar atırlar. Azərbaycana qarşı qərəzli münasibət sərgiləyirlər. Bunların hamısı hücum xarakterlidir və tamamilə əsassızdır”, – deyə dövlət başçısı vurğuladı.

Prezident bu fikirlərlə həm Azərbaycanın qətiyyətli mövqeyini ortaya qoydu, həm də tənqid etdiyi qurumlara açıq mesaj verdi. Təcrübə göstərir ki, bu cür bəyanatlar mövcud münasibətlərdə dəyişiklik baş vermədiyi təqdirdə daha sərt addımların atıla biləcəyinə işarə kimi qiymətləndirilə bilər. Avropa Şurasının Azərbaycan cəmiyyətinə birbaşa təsiri məhdud olduğundan, üzvlüyün dayandırılması və ya təşkilatdan ayrılma gündəlik həyata ciddi təsir göstərməz.

Ümumiyyətlə, Avropa Şurası ilə Avropa İttifaqı eyni qurum deyil. Azərbaycanda bəzən bu iki təşkilat qarışdırılır. Avropa Şurasından ayrılmaq Avropa İttifaqı ilə münasibətlərin kəsilməsi demək deyil. Bu səbəbdən belə bir qərarın iqtisadi və ya enerji əməkdaşlığı baxımından dərhal ciddi nəticələr doğuracağını düşünmürəm.

İkinci diqqətçəkən məqam Prezident İlham Əliyevin çıxışında ABŞ ilə İran arasında davam edən gərginliyə toxunması oldu. Dövlət başçısı bu qarşıdurmanın yaxın zamanda başa çatacağına ümid etdiyini bildirdi.

Bu açıqlama mənim fikrimcə, xüsusi əhəmiyyət daşıyır. Çünki Prezident təkcə ABŞ–İran münasibətlərini şərh etmir, eyni zamanda Azərbaycanın yerləşdiyi mürəkkəb təhlükəsizlik mühitini də təsvir edir. O qeyd etdi ki, “Azərbaycan demək olar ki, müharibənin mərkəzində yerləşir”. Bu ifadə ölkənin üzləşə biləcəyi risklərə və regionda geosiyasi vəziyyətin getdikcə daha həssas xarakter almasına diqqət çəkir.

Diqqət çəkən digər məqam isə Prezidentin çıxışında tərəf tutmamasıdır. O, nə ABŞ-ı, nə də İranı ittiham edir. Əsas vurğu münaqişənin dayandırılmasına, qan tökülməsinin qarşısının alınmasına və regional sabitliyin qorunmasına yönəlir. Bu, Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunu davam etdirdiyini göstərir. Bakı həm Vaşinqton, həm də Tehranla münasibətlərini qorumağa çalışır və hər iki istiqamətdə dialoqu davam etdirməyə üstünlük verir.

Prezident Pakistanı və Baş nazir Şahbaz Şərifin vasitəçilik səylərini də yüksək qiymətləndirdi. Bununla rəsmi Bakı bir tərəfdən İslamabadın regional diplomatiyada oynadığı rolu dəstəklədiyini nümayiş etdirir, digər tərəfdən isə münaqişələrin həllində təkcə böyük dövlətlərin deyil, regional aktorların da mühüm rol oynaya biləcəyini vurğulayır.

Üçüncü mühüm məqam Prezident İlham Əliyevin ABŞ ilə Azərbaycan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu, hətta strateji tərəfdaşlıq mərhələsinə yüksəldiyini bəyan etməsi idi. Məncə, bu, son dövrün ən diqqətçəkən xarici siyasət mesajlarından biridir. Çünki dövlət başçısı sadəcə münasibətlərin yaxşı olduğunu demədi, onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi vurğuladı.

Prezident bu fikirlərini ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşə, ABŞ vitse-prezidentinin Azərbaycana səfərinə və imzalanmış strateji tərəfdaşlıq sənədinə istinad edərək səsləndirdi.

Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan–ABŞ münasibətləri son dövrdə əhəmiyyətli dərəcədə inkişaf edib. Ermənistanla sülh prosesində Vaşinqtonun vasitəçilik səyləri və ABŞ tərəfindən “907-ci düzəliş”in tətbiqinin dayandırılması Bakı üçün mühüm diplomatik addımlar kimi qiymətləndirilə bilər. Azərbaycanın əsas məqsədlərindən biri isə, şübhəsiz ki, həmin düzəlişin tamamilə ləğv edilməsidir”.