Müasir dövrdə dünyada baş verən geosiyasi dəyişikliklər, yeni əməkdaşlıq platformalarının formalaşması və qlobal təhlükəsizlik çağırışları dövlətlərin regional siyasətdə tutduğu mövqeyi daha da ön plana çıxarır. Bu baxımdan Azərbaycan son illərdə həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Cənubi Qafqazın aparıcı dövləti kimi öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi “Bu gün Azərbaycanın regional məsələlərdə rolu təbii olaraq artır” fikri ölkəmizin beynəlxalq nüfuzunun, siyasi çəkisinin və strateji əhəmiyyətinin məntiqi ifadəsidir.
Azərbaycanın regional rolunun artmasının əsasında ilk növbədə müstəqil və milli maraqlara söykənən xarici siyasət dayanır. Ölkəmiz bütün tərəfdaşlarla qarşılıqlı hörmət, beynəlxalq hüquq normaları və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər quraraq etibarlı tərəfdaş imici formalaşdırmışdır. Məhz bu siyasət sayəsində Azərbaycan müxtəlif beynəlxalq platformalarda etibarlı söz sahibi kimi qəbul edilir və regional təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edir.
Enerji təhlükəsizliyi sahəsində Azərbaycanın qazandığı uğurlar da ölkəmizin regional rolunu əhəmiyyətli dərəcədə gücləndirib. Zəngin enerji ehtiyatlarının dünya bazarlarına etibarlı marşrutlarla çatdırılması, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi qlobal əhəmiyyət daşıyan layihələrin uğurla reallaşdırılması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş statusunu möhkəmləndirib. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi baxımdan ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirib.
Nəqliyyat və logistika sahəsində həyata keçirilən irimiqyaslı layihələr də Azərbaycanın regional əhəmiyyətini artıran əsas amillərdəndir. Şərqlə Qərbi birləşdirən Orta Dəhliz üzrə daşımaların artması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin fəaliyyəti Azərbaycanın Avrasiya məkanında mühüm tranzit və logistika mərkəzinə çevrilməsinə şərait yaradıb. Bu layihələr region ölkələri arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə də mühüm töhfə verir.
2020-ci ildə əldə edilən tarixi Zəfər Azərbaycanın regional mövqeyini daha da gücləndirdi. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda yeni siyasi reallıqlar yaratdı. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastruktur layihələrinin icrası, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın güclü dövlət potensialını bütün dünyaya nümayiş etdirir.
Şuşa şəhərinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də Azərbaycanın artan nüfuzunun göstəricisidir. IV Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və siyasətçiləri bir araya gətirərək qlobal informasiya məkanında aktual məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrildi. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın sülhün, dialoqun və beynəlxalq əməkdaşlığın tərəfdarı olduğunu bir daha nümayiş etdirdi.
Bu gün Azərbaycan regional sabitliyin qorunması, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və nəqliyyat əlaqələrinin inkişafı istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Ölkəmiz həm Şərqlə Qərb, həm də Şimalla Cənub arasında etibarlı körpü rolunu uğurla yerinə yetirir və bu mövqe ildən-ilə daha da möhkəmlənir.
Azərbaycanın regional məsələlərdə artan rolu ölkəmizin düşünülmüş dövlət siyasətinin, güclü iqtisadi potensialının, siyasi sabitliyinin və beynəlxalq etimadının nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət Azərbaycanın regionun inkişafına, sülhün möhkəmləndirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verməsini təmin edir. Məhz buna görə də bu gün Azərbaycanın regional məsələlərdə rolu təbii olaraq artır və ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı, güclü və nüfuzlu tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Yeni Azərbaycan Partiyası Qubadlı rayontəşkilatının sədri Təhmasib Rüstəmov