Azərbaycanda əhalinin siyahıyaalınması ilk dəfə rəqəmsal texnologiyalarla keçiriləcək

17 İyul 2026 11:35 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının "Əhalinin və mənzil fondunun 2030-cu il siyahıyaalınmasının Ümumdünya Proqramı"na dair Qətnaməsinə əsasən üzv dövlətlər 10 ildə bir dəfədən az olmayaraq əhalinin siyahıyaalınmasını keçirməlidirlər.

SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin Azərbaycanda əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasında deyib.

O qeyd edib ki, siyahıyaalma zamanı beynəlxalq standart kimi BMT-nin "Əhalinin və mənzil fondunun siyahıyaalınmasına dair prinsip və tövsiyələri" rəhbər tutulmalıdır.

Baş nazir xatırladıb ki, göstərilən tələblər nəzərə alınmaqla Azərbaycanda müstəqilliyin bərpasından sonra əhalinin siyahıyaalınması 1999, 2009 və 2019-cu illərdə keçirilib:

"Lakin, məlum olduğu kimi, müstəqillik dövründə aparılan siyahıyaalınmalar zamanı ölkə ərazisinin 20 faizinin işğal altında olması və həmin bölgələrin sakinlərinin öz doğma yurdlarından məcburi köçkün düşməsi səbəbindən bu mühüm dövlət tədbirinin orada keçirilməsi mümkün olmayıb. Bu baxımdan 2030-cu il mərhələsində keçiriləcək əhalinin növbəti siyahıyaalınması xüsusi tarixi əhəmiyyət kəsb edəcək. Çünki bu, Vətən müharibəsində qazandığı tarixi Zəfər və ölkəmizin suverenliyinin tam bərpa olunması nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək ümumrespublika əhalinin siyahıyaalınması olacaq".

Əli Əsədov vurğulayıb ki, Nazirlər Kabineti iki ay ərzində Tədbirlər planının təsdiq ediləcək:

"Bununla yanaşı əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq. Komissiyanın sədri qismində tərəfimdən Baş nazirin müavini Samir Şərifov müəyyən edilib".

Ə.Əsədov bildirib ki, beynəlxalq tövsiyələrə və milli prioritetlərə əsaslanaraq ilk dəfə olaraq ölkəmizdə növbəti əhalinin siyahıyaalınmasının rəqəmsal texnologiyalar, inzibati və geoməkan məlumatlarından istifadə edilməklə keçirilməsi nəzərdə tutulur:

"Rəqəmsal həllərin tətbiqi respondentlərə düşən məlumat yükünün və statistika materiallarının hazırlanmasına çəkilən xərclərin azaldılmasına xidmət edəcək".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" imzaladığı Fərmana əsasən, 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.