2021-ci il yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 221 nömrəli Fərman ilə ANAMA-nın hüquqi statusu dəyişdirilib. Fərmana əsasən, ölkədə mina təhlükəsinin miqyasına uyğun olaraq Agentliyin maddi-texniki bazasının gücləndirilməsi, insan resurslarının artırılması və fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində mühüm tapşırıqlar müəyyən edilib.
SİA xəbər verir ki, bu sözləri ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü münasibətilə media brifinqində deyib.
Onun sözlərinə görə, ötən müddət ərzində bu tapşırıqların icrası istiqamətində mühüm işlər görülüb:
”Agentliyin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, müasir avadanlıqların sayı artırılıb, yeni texniki vasitələr alınaraq istifadəyə verilib, həmçinin şəxsi heyətin sayı artırılıb və peşəkar kadr potensialı genişləndirilib.
Vüqar Süleymanov qeyd edib ki, ANAMA müasir texnologiyaların tətbiqini davam etdirir. Bu çərçivədə Çin Xalq Respublikası tərəfindən Agentliyə hədiyyə edilən yeni nəsil rentgen cihazı artıq istifadəyə verilib. Onun sözlərinə görə, bu avadanlıq qapalı məkanlarda – qapıların, dolabların, yeşiklərin və digər maneələrin arxasında yerləşən obyektləri açmadan görüntüləməyə imkan verir.
“Bu, bizim üçün yeni texnologiyadır. İndiyədək belə avadanlıqdan istifadə etməmişdik. Xüsusilə yaşayış evlərinin və qapalı məkanların minatəmizlənməsi zamanı bu cihaz əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasına mühüm töhfə verir”, – deyə ANAMA sədri vurğulayıb.