“Hər bir təmizlənmiş torpaq sahəsi yeni yaşayış məntəqələrinin salınmasına, yolların, məktəblərin, xəstəxanaların, enerji və su infrastrukturunun tikintisinə, kənd təsərrüfatının inkişafına və insanların doğma yurdlarına təhlükəsiz qayıdışına xidmət edir.
SİA xəbər verir ki, ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, mina təhlükəsi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması proqramlarının icrası qarşısında duran əsas maneələrdən biridir.
Onun sözlərinə görə, mina təmizlənməsi təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda humanitar, sosial, iqtisadi və ekoloji inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır:
“Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramının əsas prioritetlərindən biri humanitar minatəmizləmə fəaliyyətidir.
Agentliyin fəaliyyəti nəticəsində təmizlənən ərazilər yaşayış, şəhərsalma və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir. Bunun nəticəsində vaxtilə təhlükəli olan ərazilərdə həyat yenidən canlanır, yeni kənd və şəhərlər salınır, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində indiyədək 287 min 385 hektar ərazi təmizlənib. Bu ərazilərdə 255 min 200 mina və partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib. Onlardan 189 min 997-si partlamamış hərbi sursat və müharibənin partlayıcı qalıqları, 42 min 835-i piyada əleyhinə mina, 23 min 868-i isə tank əleyhinə minadır.
Hazırda minatəmizləmə əməliyyatlarında müasir və innovativ texnologiyalar, mexaniki minatəmizləmə vasitələri, minaaxtaran itlər və yüksək ixtisaslı mütəxəssislər cəlb olunmaqla genişmiqyaslı fəaliyyət həyata keçirilir.”