"Qarabağın dirçəlişi davamlı inkişafın nümunəsidir" - ŞƏRH

17 İyul 2026 10:12 (UTC+04:00)

"Prezident İlham Əliyev Vətən müharibəsində qazanılmış Zəfərin yaratdığı gücü və milli birliyi bu gün işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldir. Bu proses Azərbaycan xalqının birliyi ilə həyata keçirilir və ölkənin gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib".

Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq münasibətlər üzrə tədqiqatçı Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, lakin bu fəaliyyət təkcə daxili resurslarla məhdudlaşmır:

"Prezident işğaldan azad olunmuş ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsinə xüsusi önəm verir, dünya ictimaiyyətinin diqqətini Qarabağa yönəldir. Bununla da beynəlxalq auditoriyaya həm keçmiş münaqişənin yaratdığı ədalətsizliklər xatırladılır, həm də bölgədə formalaşmış yeni reallıqlar nümayiş etdirilir.

Bu yanaşmanın əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpasına beynəlxalq investisiyaların və tərəfdaşlığın cəlb edilməsidir. Çünki müharibənin nəticələrinin aradan qaldırılması yalnız bir dövlətin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq hüququn işlək mexanizmlərinin formalaşmasına cavabdeh olan beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olmalıdır.

Eyni zamanda, bu yanaşma bu gün dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr üçün də mühüm mesajdır. Ədalətin bərqərar olması, beynəlxalq hüququn prinsiplərinə hörmət göstərilməsi və sülhün təmin edilməsi təkcə münaqişədən sonrakı dövr üçün deyil, münaqişələrin qarşısının alınması baxımından da əsas prinsiplərdən biri olmalıdır".