"Yay mövsümü öz axarı ilə davam edir. Əlbəttə, bu mövsümü ötən illərin eyni dövrü ilə müqayisə etdikdə turist sayında müəyyən azalmanın müşahidə olunduğunu demək olar. Bununla belə, turizm sektorunda fəaliyyət davam edir və xüsusilə daxili turizm yay aylarında bazarın əsas hərəkətverici qüvvələrindən biri olaraq qalır".
Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.
_(1).jpg)
Kənan Hənifəyev sözlərinə belə davam edib: "Ümumi qiymətlərdə ciddi fərqlər müşahidə olunmur. Yalnız bayram günlərində, uzunmüddətli istirahət günlərində və ya hər hansı iri tədbirlərin keçirildiyi dövrlərdə regionlardakı və paytaxtdakı hotellərdə, istirahət mərkəzlərində qiymətlərdə müəyyən artımlar qeydə alınır. Bu isə turizm bazarında tələb və təklif balansı ilə bağlı normal hal hesab olunur.
Hazırda region hotelləri əsasən həftəsonu qonaqlamaları hesabına doluluq səviyyəsini təmin edirlər. Həmin qonaqların 60 faizdən çoxunu yerli turistlər təşkil edir. Daxili turistlər xüsusilə qısa müddətli istirahət məqsədilə regionlara üz tutur və bu da hotellərin fəaliyyətinə müsbət təsir göstərir.
Xarici turistlərin ölkə daxilindəki iaşə obyektlərinin, hotellərin və digər turizm xidmətlərinin keyfiyyəti ilə bağlı ciddi narazılığı müşahidə olunmur. Təbii ki, müəyyən nöqsanlar və ya fərdi hallarla rastlaşmaq mümkündür. Lakin bunlar ümumi turizm xidmətlərinin keyfiyyətini xarakterizə etmir və dünyanın bütün ölkələrində rast gəlinən hallardır.
Turizm sektorunun inkişafı baxımından əsas məqsədlərdən biri təkrar turist axınının artırılmasıdır. Bunun üçün isə əlçatan nəqliyyat imkanlarının genişləndirilməsi, münasib qiymətə aviabiletlərin təklif olunması, rahat logistikanın təmin edilməsi və göstərilən xidmətlərin keyfiyyətinin davamlı şəkildə yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Məhz bu amillər turistlərin yenidən Azərbaycana səfər etməsinə və ölkəmizi başqalarına da tövsiyə etməsinə müsbət təsir göstərir".