"Şuşa Qlobal Media Forumu qlobal informasiya gündəmini formalaşdırdı" - POLİTOLOQ

17 İyul 2026 09:54 (UTC+04:00)

"Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı özündə Azərbaycanın regional və beynəlxalq proseslərə baxışını təqdim edən mühüm siyasi mesajları ehtiva etdi. Əvvəla ordan başalayaq ki, Forumun Şuşada keçirilməsi özü xüsusi rəmzi məna daşıyır".

Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, vaxtilə münaqişə və dağıntıların simvoluna çevrilmiş şəhərin bu gün beynəlxalq media nümayəndələrini qəbul edən platformaya çevrilməsi Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və inkişaf siyasətinin nümayişidir:

"Prezidentin çıxışında əsas diqqət çəkən məqamlara gəldikdə isə bunlardan biri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və yeni regional reallıqlar məsələsinə yanaşmadır. Dövlət başçısı vurğuladı ki, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin əsas şərti məhz beynəlxalq hüququn prinsiplərinə hörmət və dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Bu yanaşma Azərbaycanın son illərdə formalaşdırdığı xarici siyasət xəttinin əsas istiqamətlərindən biri kimi çıxış edir.

Çıxışın mühüm hissələrindən biri də Azərbaycanın regionda sülh gündəliyinə verdiyi önəmlə bağlıdır. Azərbaycan hesab edir ki, müharibə mərhələsi geridə qalıb və qarşıdakı əsas vəzifə iqtisadi əməkdaşlıq, nəqliyyat əlaqələrinin bərpası və qarşılıqlı faydalı münasibətlərin qurulmasıdır. Bu baxımdan, Şuşa Forumunda səslənən mesajlar gələcək regional inkişaf modelinə dair baxışların təqdimatı kimi də dəyərləndirilə bilər.

Forumun digər mühüm tərəfi media və informasiya təhlükəsizliyi məsələlərinə diqqət yetirilməsidir. Müasir dövrdə informasiya məkanı beynəlxalq münasibətlərin əsas istiqamətlərindən birinə çevrilib. Dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyaları dövlətlərarası münasibətlərə təsir edən ciddi amillərdən hesab olunur. Bu baxımdan, Şuşa Qlobal Media Forumu müxtəlif ölkələrin media nümayəndələri arasında fikir mübadiləsi aparmaq və qlobal informasiya çağırışlarını müzakirə etmək üçün mühüm platforma rolunu oynayır.

Prezidentin çıxışında Azərbaycanın enerji, nəqliyyat və regional əməkdaşlıq imkanlarına dair fikirləri də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın yerləşdiyi coğrafi mövqe onu Şərqlə Qərb arasında mühüm bağlantı nöqtəsinə çevirir. Orta Dəhliz, enerji layihələri və regional kommunikasiya xətləri ölkənin beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirən əsas amillər sırasındadır.

Ümumilikdə, IV Şuşa Qlobal Media Forumundakı çıxış Azərbaycanın özünü yeni regional əməkdaşlıq təşəbbüsləri irəli sürən dövlət kimi təqdim etdiyini göstərir. Şuşanın seçilməsi isə Azərbaycanın keçmişdən gələcəyə keçid konsepsiyasının simvolik ifadəsidir. Forum bir daha nümayiş etdirdi ki, Azərbaycan beynəlxalq ictimaiyyətlə dialoqu genişləndirməyə, öz mövqeyini qlobal informasiya məkanında təqdim etməyə və regionda sülh, sabitlik və inkişaf gündəliyini təşviq etməyə davam edir".