“Jurnalistin əsas üstünlüyü onun biliyi, dünyagörüşü və peşə etikasıdır. Gənc jurnalistlərin davamlı maarifləndirilməsinə ehtiyac var”.
SİA-nın Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Teleradio Akademiyasının rektoru Almaz Mahmud “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfrans çərçivəsində “Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti” adlı panel sessiyasında çıxışı zamanı səsləndirib.
O bildirib ki, peşəkar jurnalistlər belə bəzən sosial mediada əsassız hücumlarla üzləşirlər. Onun sözlərinə görə, əsas məsələ hansısa paylaşımın silinməsi deyil, buraxılan səhvlərin səbəblərini araşdırmaq və onların təkrarlanmamasına nail olmaqdır.
Almaz Mahmud qeyd edib ki, Azərbaycan dini tolerantlıq ənənələri ilə seçilən ölkədir və bu dəyərlər media mühitində də qorunmalıdır. O vurğulayıb ki, xüsusilə gənc jurnalistlərlə işləmək, onlara dini mövzuların işıqlandırılmasında düzgün yanaşmanı öyrətmək vacibdir.
Rektor əlavə edib ki, media qurumlarında peşə etikası, qarşılıqlı hörmət və məsuliyyət mövzularında müntəzəm təlimlərin keçirilməsi jurnalistlərin peşəkar inkişafına mühüm töhfə verə bilər. Onun sözlərinə görə, peşəkarlıq təkcə xəbər hazırlamaqla deyil, etik davranış, davamlı öyrənmək və cəmiyyət qarşısında məsuliyyət hissi ilə formalaşır.