“Dini mövzular jurnalistlərdən xüsusi həssaslıq və yüksək məsuliyyət tələb edir”.
SİA-nın Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri BDU-nun Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini, əməkdar jurnalist Vüqar Zifəroğlu “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans çərçivəsində keçirilən “Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, din Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlər sistemində mühüm yer tutur və bu səbəbdən dini məsələlərə həssas yanaşmaq vacibdir. Onun sözlərinə görə, jurnalistlər cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır və dini mövzular işıqlandırılarkən bu məsuliyyət daha da artır.
Vüqar Zifəroğlu qeyd edib ki, medianın əsas vəzifəsi cəmiyyəti düzgün məlumatlandırmaq və maarifləndirməkdir. O vurğulayıb ki, dini mövzuların təqdimatında peşəkarlıq, ehtiyatlı yanaşma və ictimai maraqlar əsas götürülməlidir.
BDU-nun Jurnalistika fakültəsinin dekanı əlavə edib ki, Azərbaycan mətbuatı yarandığı gündən dini mövzulara məsuliyyətli və maarifləndirici yanaşma nümayiş etdirib. Onun sözlərinə görə, bu ənənənin müasir dövrdə necə qorunması media üçün mühüm müzakirə mövzularından biridir.