AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “Azərbaycanın müasir inkişaf konsepsiyasının təməl mərhələsi” adlı lektoriya keçirilib. Tədbir AMEA-nın Rəyasət Heyəti, AMEA-nın Mərkəzi Elmi Kitabxanası və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.
Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin AMEA-nın Mərkəzi Elmi Kitabxanasının inzibati binasındakı büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsi ehtiramla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında 1969-cu il iyulunun 14-nün Azərbaycan dövlətçilik tarixinin dönüş nöqtələrindən biri olduğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin ölkədə yeni dövlətçilik mərhələsinin əsasını qoyduğunu vurğulayıb. Akademik bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət sahələrində mühüm inkişaf yolu keçərək SSRİ-nin qabaqcıl respublikalarından birinə çevrilib, ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. O qeyd edib ki, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin yubileylərinin və “Kitabi-Dədə Qorqud” dastanının yubileyinin yüksək səviyyədə qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin dünyada tanıdılmasına mühüm töhfə verib. Akademik vurğulayıb ki, Ulu Öndərin iqtisadi və dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan yeni inkişaf hədəflərinə doğru inamla irəliləyir.
Daha sonra Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Azad Həmkarlar İttifaqının sədri dosent Sənan Həsənov və Dilçilik İnstitutunun şöbə müdiri professor Sayalı Sadıqova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müasir inkişaf konsepsiyasının formalaşdırılmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və müstəqil dövlət quruculuğunda müstəsna xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Liderin elmə, təhsilə və milli-mənəvi dəyərlərin qorunmasına göstərdiyi xüsusi diqqət ölkənin intellektual potensialının inkişafında mühüm rol oynayıb. Çıxışlarda, həmçinin Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi, milli kadr hazırlığı, strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi və dövlətçilik ideyalarının inkişafı istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib. Vurğulanıb ki, Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik və xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Türk dünyası ilə əməkdaşlığın genişləndirilməsi və Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi bu siyasətin əsas istiqamətlərindən biridir.
Sonda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP-ın bir qrup fəalına Partiyada ictimai-siyasi fəaliyyətlərinə görə fəxri fərmanlar təqdim olunub.