95-ci yubiley ilini qeyd edən Azərbaycan Dövlət Kukla Teatrı ölkədaxili qastrol proqramı çərçivəsində növbəti çıxışını Pirallahı Rayon Gənclər Evində reallaşdırıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, teatrın qastrol proqramının əsas məqsədi paytaxtdan kənarda yaşayan balaca teatrsevərlərə peşəkar səhnə nümunələrini təqdim etmək, uşaqlarda teatr mədəniyyətinə marağı artırmaq və milli uşaq ədəbiyyatının ən gözəl nümunələrini geniş auditoriyaya çatdırmaqdır.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov milli teatrımızı ölkəmizin mədəni yaddaşını yaşadan sənət ocağı kimi qiymətləndirərək, bu cür təşəbbüslərin rayonun mədəni inkişafına töhfə verdiyini bildirib. O, kukla teatrı ənənələrinin uşaqların milli-mənəvi dəyərlərə bağlılığının güclənməsində mühüm rol oynadığını vurğulayıb.
14 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva milli irsimizin təbliğinin dövlətimizin mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Ölkəmizin qocaman teatr ocaqlarından olan Azərbaycan Dövlət Kukla Teatrının zəngin yaradıcılıq ənənələrini qeyd edən deputat, təmsil etdiyi rayonlarda mədəni həyatın canlandırılmasına yönəlmiş layihələri hər zaman dəstəklədiyini və bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini bildirib.
Rəsmi çıxışların ardından balaca tamaşaçılara Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən "Dovşanın ad günü" nağıl-poeması əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunub. Rəngarəng səhnə tərtibatı, musiqili nömrələri və maraqlı süjet xətti ilə seçilən səhnə əsəri pirallahılı balaca teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, şəhid ailələrinin övladları, yerli ictimaiyyət nümayəndələri və çoxsaylı sakinlər iştirak ediblər.
Qeyd edək ki, birhissəli kukla tamaşasının səhnələşdirmə və quruluş müəllifi Səidə Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abbasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi isə Sevinc Nuruqızıdır. Səhnədə rolları Cavid İbrahimov, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Araz Həsənli, Könül Nəsibova, Səbinə Məmmədova, Firuzə Nəsibli-Abbasova və Elnur Xəlilov canlandırıblar.