“Sosial şəbəkələrdə yayılan dini məlumatların hamısı etibarlı olmur” - Gündüz İsmayılov

16 İyul 2026 17:10 (UTC+04:00)

“Bu gün rəqəmsal texnologiyalar və sosial media dini həyata yeni təsirlər göstərir. Artıq insanlar dini biliklərini əsasən sosial şəbəkələr vasitəsilə əldə edirlər”.

SİA-nın Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans çərçivəsində keçirilən “Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya” adlı panel sessiyasında deyib.

O bildirib ki, rəqəmsal mühit dini biliklərə çıxış imkanlarını genişləndirsə də, sosial şəbəkələrdə yayılan məlumatların hamısı etibarlı mənbələrə əsaslanmır. Onun sözlərinə görə, bu, cəmiyyətdə yanlış dini təsəvvürlərin formalaşmasına səbəb ola bilər.

Gündüz İsmayılov qeyd edib ki, bəzi platformalarda dini mövzular məzhəbçilik prizmasından təqdim olunur, bəzilərində isə din siyasi məqsədlər üçün alətə çevrilir. O vurğulayıb ki, dinin əsas missiyası cəmiyyətdə mənəvi dəyərləri, həmrəyliyi, qarşılıqlı hörməti və tolerantlığı möhkəmləndirməkdir.

Sədr müavini bildirib ki, dini mövzuların işıqlandırılmasında media nümayəndələri və din xadimləri peşəkarlıq, dəqiq mənbələrə istinad və həssas yanaşma prinsiplərinə əməl etməlidirlər. O əlavə edib ki, media savadlılığının artırılması və ənənəvi dini institutlarla media arasında əməkdaşlığın gücləndirilməsi sağlam dini maarifləndirməyə və cəmiyyətdə dini sabitliyin qorunmasına mühüm töhfə verə bilər.