“Şuşa Qlobal Media Forumu Azərbaycanın haqq səsini dünyaya çatdırdı” - Ramin Məmmədov

16 İyul 2026 16:25 (UTC+04:00)

“Şuşada keçirilən IV Qlobal Media Forumu bir daha göstərdi ki, Qarabağ bu gün təkcə Azərbaycanın deyil, beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir”.

SİA-nın Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağın incisi olan Şuşada belə mötəbər beynəlxalq tədbirin keçirilməsi böyük qürur hissi yaradır. Onun sözlərinə görə, forum vasitəsilə Azərbaycanın haqq səsi bir daha dünya ictimaiyyətinə çatdırılıb.

Ramin Məmmədov qeyd edib ki, forum çərçivəsində Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri ilə keçirdiyi açıq dialoq beynəlxalq mediada geniş rezonans doğurub. O vurğulayıb ki, dövlət başçısının çıxışı dünyanın aparıcı informasiya vasitələrinin diqqət mərkəzində olub.

Komitə sədri əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, beynəlxalq tədbirlərin təşkili və həyatın yenidən canlanması Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.