“Vətən müharibəsindən sonra artıq hər kəs Azərbaycanı tanıyır. Bu, həqiqətən də qürurverici haldır”.
SİA-nın Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, 151 il əvvəl Həsən bəy Zərdabi “Əkinçi” qəzetini təsis etməklə Azərbaycan milli mətbuatının əsasını qoyub. İcra başçısı qeyd edib ki, zaman keçdikcə media inkişaf etsə də, onun əsas missiyası – cəmiyyəti düzgün məlumatlandırmaq və ölkənin həqiqətlərini dünyaya çatdırmaq dəyişməyib.
Sahir Məmmədxanov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev jurnalistikanın inkişafına xüsusi önəm verib, onun hakimiyyəti dövründə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılıb, o cümlədən "Kütləvi informasiya vasitələri haqqında" qanun qəbul edilib.
İcra başçısı Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə beynəlxalq mediaya verdiyi müsahibələrin Azərbaycanın mövqeyinin və həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını qeyd edib.
S.Məmmədxanov çıxışında Qusar rayonunun dövlətçilik ənənələrinə sadiqliyindən də danışaraq bildirib ki, rayon Vətən müharibəsində 45 şəhid verib, 100-dən çox qazisi var və bu gün də hər üç evdən birində Azərbaycan Ordusunda xidmət edən gənc yetişir. Onun sözlərinə görə, rayonda kommunal təsərrüfatın, sosial sahənin, iqtisadi inkişafın və məşğulluğun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.