“Azərbaycan mediasının inkişafı dövlət siyasətinin prioritetidir” - Sahir Məmmədxanov

16 İyul 2026 15:56 (UTC+04:00)

“Bu gün də həmin siyasət uğurla davam etdirilir. Azərbaycan mediasının inkişafı, jurnalistlərin fəaliyyətinin dəstəklənməsi və informasiya mühitinin daha da təkmilləşdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır”.

SİA-nın Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyev jurnalistlərə və media nümayəndələrinə hər zaman böyük hörmət və diqqətlə yanaşıb, onun mətbuat nümayəndələri ilə ünsiyyəti səmimi, açıq və qarşılıqlı etimada əsaslanıb. İcra başçısının sözlərinə görə, bu yanaşma Ulu Öndərin söz və mətbuat azadlığına, peşəkar jurnalistikaya verdiyi yüksək dəyərin göstəricisi idi.

Sahir Məmmədxanov qeyd edib ki, tədbirin əsas məqsədi təkcə Milli Mətbuat Gününü və Azərbaycan jurnalistikasının yaranma tarixini xatırlamaq deyil, həm də media ilə dini qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, dini sabitliyin qorunmasında birgə məsuliyyət və rəqəmsal informasiya mühitində mövcud çağırışların müzakirəsidir.

İcra başçısı vurğulayıb ki, bugünkü müzakirələrin hər bir iştirakçı üçün faydalı olacağına, qarşılıqlı fikir mübadiləsinə və gələcək əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inanır.