“Belə konfransların Qusarda davamlı keçirilməsini istəyirik” - Sahir Məmmədxanov

16 İyul 2026 15:45 (UTC+04:00)

“Çox istərdik ki, bu cür tədbirlər gələcəkdə də davamlı olaraq Qusar rayonunda keçirilsin. Buna böyük ehtiyac var”.

SİA xəbər verir ki, bu sözləri Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, konfransın Qusarda keçirilməsi rayon üçün əlamətdar hadisədir və belə tədbirlər media ilə cəmiyyət arasında əməkdaşlığın güclənməsinə xidmət edir. Rayon rəhbəri Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edərək onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Sahir Məmmədxanov qeyd edib ki, müasir dövrdə media təkcə xəbər çatdıran vasitə deyil, həm də ictimai rəyin formalaşmasına, dövlətlə cəmiyyət arasında dialoqun qurulmasına və ölkənin beynəlxalq imicinin təqdim olunmasına mühüm töhfə verir.

İcra başçısı vurğulayıb ki, Azərbaycanda söz və mətbuat azadlığının inkişafı istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə medianın hüquqi bazası möhkəmləndirilib, söz azadlığının təmin olunması və jurnalistlərin fəaliyyəti üçün əlverişli şərait yaradılıb.