"Kraudfandinq qanunu süni intellekt startaplarının maliyyə resurslarına çıxışını artıracaq"

16 İyul 2026 16:19 (UTC+04:00)

"Kraudfandinqlə (crowdfunding) bağlı qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması Azərbaycanın rəqəmsal inkişaf və süni intellektin dəstəklənməsi ilə bağlı dövlət siyasətinə uyğundur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, nəzərə alsaq ki, qanun layihəsinin qəbulu birmənalı şəkildə süni intellekt və digər startapların rəqəmsal maliyyə resurslarına çıxış imkanlarını artıracaq: "Bu da nəticə etibarilə Azərbaycanda süni intellekt startaplarının dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Çünki bu, bir tərəfdən startapların ianə və investisiyalara çıxış imkanlarını artıracaq, digər tərəfdən isə elektron rəqəmsal həllərin tətbiqi də daxil olmaqla, startapların və digər kiçik və orta müəssisələrin dəstəklənməsinə imkan yaradacaq.

Dünya praktikasında bu, kifayət qədər geniş tətbiq olunan mexanizmdir. Xüsusilə kraudfandinqlə bağlı onlayn platformalar yaradılıb. Bu gün inkişaf etmiş ölkələrdə GoFundMe, Kickstarter kimi böyük platformalar fəaliyyət göstərir və həmin platformalar vasitəsilə böyük məbləğdə vəsaitlər cəlb olunur.

Ümumiyyətlə, kraudfandinq bazarının həcminin qlobal miqyasda 20 milyard dollardan çox olduğu qeyd edilir. Bu isə qlobal maliyyə bazarında müəyyən paya malik olduğunu göstərir. Yəni kraudfandinq səhmdarlıq əsaslı, blokçeyn (blockchain) əsaslı və digər mexanizmlər vasitəsilə vəsaitlərin cəlb edilməsinə imkan yaradır.

Qanunun qəbul edilməsi və tətbiqi bir tərəfdən startapların daha yaxından dəstəklənməsinə, onların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına şərait yaradacaq. Digər tərəfdən isə rəqəmsal inkişafın, eləcə də rəqəmsal maliyyə alətlərinin tətbiqinin genişləndirilməsinə imkan verəcək".

Lətifə Musayeva