“Bugünkü tədbirin əsas mövzusu ‘Dini sabitliyin qorunmasında birgə məsuliyyət’ mövzusuna həsr olunub”.
SİA xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Komitə hər il Milli Mətbuat Günü ərəfəsində media nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil edir və bu görüşlər artıq ənənə halını alıb. Onun sözlərinə görə, builki konfransda media nümayəndələri ilə yanaşı, müxtəlif dini konfessiyaların təmsilçiləri də iştirak edirlər.
Gündüz İsmayılov qeyd edib ki, panel müzakirələrində dini mövzuların mediada işıqlandırılmasında peşəkar yanaşma, etik prinsiplər və informasiya təhlükəsizliyi məsələləri müzakirə olunacaq.
Komitə sədrinin müavini vurğulayıb ki, tədbirin əsas məqsədi media ilə dini qurumlar arasında əməkdaşlığı gücləndirmək, dini mövzuların işıqlandırılmasında həssas məqamları diqqətə çatdırmaq və cəmiyyətdə dini sabitliyin qorunmasına birgə töhfə verməkdir.