Baş nazir Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb - FOTOLAR

16 İyul 2026 12:56 (UTC+04:00)

İyulun 16-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.

Nazirlər Kabinetindən SİA-ya bildiriblər ki, görüşdə Azərbaycan ilə Fələstin arasında dostluğa və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.

Azərbaycanın Fələstin dövlətinə və xalqına ardıcıl siyasi dəstəyinə, humanitar yardımlarına, həmçinin təhsil və digər sahələrdə həyata keçirilən təşəbbüslərə görə minnətdarlıq ifadə olunub.

Görüş zamanı Azərbaycan ilə Fələstin arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.