Müasir beynəlxalq münasibətlər sistemində baş verən sürətli dəyişikliklər, qlobal təhlükəsizlik mühitində yaranan yeni çağırışlar və enerji bazarlarında formalaşan reallıqlar Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Coğrafi mövqeyi, həyata keçirdiyi müstəqil xarici siyasət, etibarlı tərəfdaş imici və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr ölkəmizi regionun aparıcı dövlətlərindən birinə çevirib. Bu gün Azərbaycan yalnız Cənubi Qafqazın deyil, Avrasiya məkanının siyasi, iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlət kimi qəbul edilir. Bu baxımdan Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər həm ölkəmizin beynəlxalq mövqeyini, həm də yeni geosiyasi şəraitdə Azərbaycanın artan rolunu bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı çıxışında dünyada baş verən proseslər, regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat dəhlizləri, informasiya təhlükəsizliyi və media məsuliyyəti ilə bağlı mühüm mesajlar verdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan milli maraqlarını əsas tutaraq tam müstəqil siyasət yürüdür və heç bir xarici təsir altında qərar qəbul etmir. Məhz bu prinsipial mövqe ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirib. Son illərdə Azərbaycanın müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurduğu münasibətlər ölkəmizin qlobal proseslərdə söz sahibi olmasına şərait yaradıb.Forum zamanı diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol oldu. Dövlətimizin başçısı qeyd etdi ki, bu gün Azərbaycan etibarlı enerji təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng layihələr ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Bununla yanaşı, yaşıl enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın gələcəyin enerji xəritəsində də aparıcı mövqeyini təmin etməyə xidmət edir.Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika imkanlarından da bəhs edərək bildirdi ki, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ölkəmizi mühüm tranzit mərkəzinə çevirib. Artan yükdaşımalar və yeni infrastruktur layihələri Azərbaycanın qlobal ticarət marşrutlarında rolunu ildən-ilə gücləndirir. Bu isə həm regional iqtisadi inteqrasiyanın dərinləşməsinə, həm də beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir.Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri də forum iştirakçılarının diqqət mərkəzində oldu. Azad edilmiş ərazilərdə infrastrukturun qurulması, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, Böyük Qayıdış proqramının uğurla icrası ölkəmizin inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Şuşada keçirilən beynəlxalq tədbirlər isə şəhərin yenidən regionun siyasi, mədəni və informasiya mərkəzlərindən birinə çevrildiyini təsdiqləyir.IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan qlobal dialoqu təşviq edən, beynəlxalq əməkdaşlığa töhfə verən və regionda sülhün, sabitliyin möhkəmlənməsinə çalışan məsuliyyətli dövlətdir. Prezident İlham Əliyevin forumda səsləndirdiyi strateji baxışlar ölkəmizin gələcək inkişaf prioritetlərini və beynəlxalq münasibətlər sistemində artan rolunu aydın şəkildə ortaya qoydu.Müasir geosiyasi reallıqlar fonunda Azərbaycanın siyasi nüfuzu, iqtisadi potensialı, enerji və nəqliyyat imkanları, eləcə də müstəqil xarici siyasəti ölkəmizin regional və qlobal əhəmiyyətini davamlı olaraq artırır. Bu gün Azərbaycan yalnız bölgənin deyil, daha geniş coğrafiyanın sabitliyinə, enerji təhlükəsizliyinə və beynəlxalq əməkdaşlığın inkişafına real töhfə verən güclü və etibarlı dövlət kimi öz mövqeyini daha da möhkəmləndirir.
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov