Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsi müasir laboratoriya infrastrukturu, yüksək texnoloji avadanlıqları və peşəkar mütəxəssis heyəti ilə dəqiq diaqnostikanın təmin edilməsində mühüm rol oynayır. Şöbə histoloji, histokimyəvi və immunohistokimyəvi müayinələrin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirildiyi, xəstəliklərin erkən aşkarlanmasına və düzgün müalicə taktikasının seçilməsinə xidmət edən ixtisaslaşmış laboratoriyadır.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi altında inkişafa doğru həyata keçirilən müəssisədaxili tədbirlərin nəticəsində hospitalın bütün struktur bölmələri kimi Patomorfoloji Diaqnostika şöbəsi də ən müasir laborator texnologiyaları, beynəlxalq standartlara uyğun iş prinsipləri və peşəkar kadr potensialı ilə ölkənin aparıcı diaqnostika mərkəzlərindən birinə çevrilib.
Patomorfoloji Diaqnostika şöbəsinin rəisi, həkim-patomorfoloq Zərifə Yusifli, həkim-patomorfoloqlar Müqabil Şıxəliyev və Emin Mirzəyev, immunohistokimya mütəxəssisi Kəmalə Abaslı, laborantlar Səkinə Əliyeva və Qafur Kamalov, həmçinin kiçik tibb işçisi Gülnarə Zeynalova vahid komanda şəklində fəaliyyət göstərərək pasiyentlərdən alınan toxuma nümunələrinin yüksək keyfiyyətlə hazırlanmasını və müayinələrin beynəlxalq standartlara uyğun aparılmasını təmin edirlər. Şöbədə ən müasir avadanlıqlardan və daim yenilənən Avropa istehsalı olan reaktivlərdən istifadə olunur. Eyni zamanda, cərrahi əməliyyatlar zamanı həyati əhəmiyyət daşıyan intraoperativ konsultasiyalar şöbənin patomorfoloqla
Patomorfoloji diaqnostika hüceyrə, toxuma və orqan səviyyəsində baş verən struktur dəyişikliklərini öyrənən tibbin ən vacib sahələrindən biridir. Bu müayinələr vasitəsilə xəstəliklərin dəqiq diaqnozu qoyulur, onların inkişaf mərhələsi müəyyən edilir, xoş və bədxassəli proseslər bir-birindən fərqləndirilir, həmçinin xəstəliyin yayılma dərəcəsi qiymətləndirilir. Patomorfoloji müayinələrin nəticələri cərrah, onkoloq, qastroenteroloq, ginekoloq, uroloq və digər ixtisas həkimlərinin müalicə planını düzgün qurmasına imkan yaradır.
Şöbədə histoloji, histokimyəvi və immunohistokimyəvi müayinələr yüksəkixtisaslı həkim-patomorfoloqlar tərəfindən həyata keçirilir. Burada müasir mikroskoplar, avtomatlaşdırılmış histoloji avadanlıqlar və beynəlxalq standartlara cavab verən laboratoriya texnologiyalarından istifadə olunması diaqnostik nəticələrin yüksək dəqiqliyini və etibarlılığını təmin edir.
Histoloji müayinə üçün material müxtəlif üsullarla əldə edilir. Biopsiya nümunələri endoskopiya, ultrasəs müayinəsi, kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT) və ya cərrahi əməliyyat zamanı vizual nəzarət altında götürülür. Xüsusilə mədə-bağırsaq traktının endoskopik müayinələri zamanı biopsiya standart diaqnostik prosedur hesab olunur və xəstəliyin erkən mərhələdə aşkarlanmasına imkan verir.
Patomorfoloji müayinələr həm şiş (neoplastik) proseslərinin, həm də qeyri-şiş patologiyalarının diaqnostikasında geniş tətbiq olunur. Bu müayinələr iltihabi xəstəliklərin, autoimmun patologiyaların, infeksion proseslərin, qaraciyər, böyrək, ağciyər, mədə-bağırsaq sistemi və digər orqanların müxtəlif xəstəliklərinin diaqnostikasında mühüm əhəmiyyət daşıyır. Eyni zamanda incə iynə aspirasiya biopsiyası (Fine Needle Aspiration Biopsy – FNAB) ilə əldə olunan materiallar da laboratoriyada xüsusi metodlarla işlənilərək qiymətləndirilir.
Şöbədə əməliyyat zamanı cərrahların qərar verməsinə kömək edən təcili histoloji (Frozen Section) müayinələri də həyata keçirilir. Bu məqsədlə toxuma nümunələri Leica Frozen sistemi vasitəsilə qısa müddət ərzində dondurularaq xüsusi nazik kəsiklər hazırlanır və mikroskop altında qiymətləndirilir. Əldə olunan operativ nəticələr cərraha əməliyyatın həcmini və taktikasını müəyyən etməyə imkan verir.
İmmunohistokimyəvi müayinələr şöbənin ən mühüm diaqnostik istiqamətlərindən biridir. Bu müasir üsul müxtəlif şişlərin mənşəyinin müəyyən edilməsində, onların molekulyar xüsusiyyətlərinin öyrənilməsində, metastatik proseslərin qiymətləndirilməsində, həmçinin xəstənin fərdiləşdirilmiş müalicə planının hazırlanmasında mühüm rol oynayır. Müayinələr Leica DM 2500 mikroskopu vasitəsilə yüksək keyfiyyətlə həyata keçirilir və nəticələrin dəqiqliyini əhəmiyyətli dərəcədə artırır.
İmmun rənglənmə prosedurları həm manual üsulla, həm də tam avtomatlaşdırılmış Leica BOND-MAX Biosystem platformasında icra olunur. Avtomatlaşdırılmış sistem insan amilini minimuma endirməklə yanaşı, nəticələrin standartlaşdırılmasını və təkrarolunanlığını təmin edir.
Laboratoriyada toxuma nümunələrinin emalı hermetik biosistemlərdə aparılır ki, bu da materialların keyfiyyətinin qorunmasına və laborator təhlükəsizliyin təmin olunmasına xidmət edir. Spesimenlərin hazırlanması Leica CM 1100 (Almaniya) və Sakura ACCU-CUT (Yaponiya) mikrotomlarında həyata keçirilir. Hazırlanmış preparatlar isə Nikon Eclipse 50i mikroskoplarında yüksək optik keyfiyyətlə qiymətləndirilir.
Histoloji, histokimyəvi və immunohistokimyəvi tədqiqatlarda İtaliya və Almaniya istehsalı olan yüksək keyfiyyətli reaktivlərdən istifadə edilir. Müasir avadanlıq, beynəlxalq standartlara uyğun laborator prosesləri və təcrübəli mütəxəssislərin peşəkarlığı sayəsində Patomorfoloji Diaqnostika şöbəsində aparılan müayinələr yüksək həssaslıq və spesifiklik göstəricilərinə malikdir.
Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsi dəqiq laborator diaqnostikanın təmin edilməsi, xəstəliklərin erkən aşkarlanması, onkoloji və digər patologiyaların düzgün qiymətləndirilməsi, eləcə də pasiyentlər üçün optimal müalicə strategiyasının müəyyən edilməsində etibarlı və müasir diaqnostika mərkəzi kimi fəaliyyətini uğurla davam etdirir.
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova