İyulun 20-də Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı təşkil olunacaq.
SİA-nın federasiyanın mətbuat xidmətinə istinadən məlumatına görə, yarış Bakı bulvarında baş tutacaq.
Çempionatda paytaxt Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik qayıqlarda, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafəyə yarışacaqlar. Bundan başqa, iştirakçılar ilk dəfə qarışıq növdə (mix) də mübarizə aparacaqlar.
Qeyd edək ki, açıq Bakı çempionatının keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onların arasında rəqabətin gücləndirilməsidir.