"Şuşa Forumu beynəlxalq gündəmə damğasını vurdu" - ŞƏRH EDİLDİ

16 İyul 2026 10:03 (UTC+04:00)

"Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı yenə də beynəlxalq gündəmə damğasını vurdu. Mən beynəlxalq medianı mütəmadi izləyən biri kimi deyə bilərəm ki, son iki gün ərzində dünyanın aparıcı media orqanlarında əsas müzakirə mövzularından biri məhz Prezident İlham Əliyevin çıxışı olub".

Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.

Media eksperti sözlərinə belə davam edib:

"Almaniyanın, Avropanın, Rusiyanın və digər ölkələrin nüfuzlu media qurumları Prezident İlham Əliyevin çıxışından sitatlar gətirir, onun səsləndirdiyi fikirləri geniş şəkildə işıqlandırırlar. Bu da göstərir ki, Şuşa Qlobal Media Forumu təkcə regional deyil, həm də beynəlxalq informasiya gündəminin əsas hadisələrindən birinə çevrilib.

Faktiki olaraq, Prezident İlham Əliyev bu forumda jurnalistlər üçün informasiya siyasəti baxımından bir növ ustad dərsi keçdi. Gündəmə necə təsir etmək, qlobal auditoriyaya necə müraciət etmək, Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə necə çatdırmaq kimi məsələlər onun çıxışında aydın şəkildə öz əksini tapdı. Bu baxımdan, forum çərçivəsində səsləndirilən fikirlər beynəlxalq media nümayəndələri üçün də mühüm informasiya mənbəyinə çevrildi.

Xüsusilə Yaxın Şərqdə baş verən hadisələr, Rusiya–Ukrayna müharibəsi, regional təhlükəsizlik və digər aktual beynəlxalq məsələlərlə bağlı verilən suallara cavablar dünya mediasının diqqət mərkəzində oldu. Məhz buna görə də son iki gündə müxtəlif ölkələrin media orqanlarında Prezident İlham Əliyevin fikirlərinə geniş yer ayrılır, onun çıxışı beynəlxalq ekspertlər və siyasi müşahidəçilər tərəfindən maraqla təhlil olunur.

Ümumilikdə, Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan artıq qlobal informasiya və siyasi müzakirələrin aparıldığı mühüm platformalardan birinə çevrilib. Prezident İlham Əliyevin çıxışları isə beynəlxalq gündəmin formalaşmasına təsir göstərən mühüm siyasi mesajlar kimi dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir".