Gənclərin milli kimliyinə təsir edən əsas amillərdən biri onların mənlik şüurunun formalaşma səviyyəsidir. Mənlik şüuru zəif olduqda, xüsusilə yeniyetməlik dövründə müxtəlif psixoloji problemlər ortaya çıxa bilər.
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

O bildirib ki, bu yaş dövründə yeniyetmələr öz fikirlərini ifadə etməkdə çətinlik çəkə, başqalarının təsirini daha çox axtara, “yox” deməkdə çətinlik yaşaya bilərlər. Dost çevrəsinin və sosial mühitin təsiri altında qərarlarını asanlıqla dəyişirlər. Nəticədə isə yad təsirlərə qarşı daha həssas olurlar:
”Milli kimliyin və mənlik şüurunun məhz yeniyetməlik və gənclik dövründə formalaşması çox vacibdir. Əks halda, gənc xarici ideoloji təsirlərin və müxtəlif həyat tərzi modellərinin təsiri altına düşərək özünü tanımaqda çətinlik çəkə bilər.
Şəxsiyyətin formalaşması ömürboyu davam edən bir prosesdir. Lakin bu prosesin sağlam şəkildə inkişaf etməsi üçün ailənin dəstəyi, sağlam sosial mühit və mütəxəssis yardımı böyük əhəmiyyət daşıyır.
Mənlik şüurunun zəif formalaşması insanın psixoloji vəziyyətinə mənfi təsir göstərir. Əgər insan yetkinlik dövründə də “mən” konsepsiyasını sağlam şəkildə qura bilmirsə, bu, onun psixi xüsusiyyətlərində və xarakterinin formalaşmasında özünü göstərməyə başlayır. Belə insanlar cəmiyyət tərəfindən çox vaxt zəif xarakterli kimi qiymətləndirilə bilirlər.
Buna görə də yeniyetməlik dövründə gənclərin mənlik şüurunun sağlam şəkildə inkişafına xüsusi diqqət yetirilməli, onların milli kimliyini qoruyub saxlamaları üçün ailə, məktəb və cəmiyyət tərəfindən düzgün dəstək göstərilməlidir”.
Ayşən Vəli