Xocalının Xanyurdu kəndindən məcburi köçkün düşəndə Nəriman Abbasovun cəmi 7 yaşı var idi. Uşaqlıq xatirələri yarımçıq qalan, doğma yurdunu yalnız yaddaşında yaşadan Nəriman bu gün ailəsi ilə birlikdə ata-baba torpağında yeni həyat qurur.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sürücü kimi çalışan Nəriman zəhməti ilə ailəsinin dolanışığını təmin edir. Həyətyanı sahəsində toyuq-cücə saxlayır, 20-yə yaxın xırdabuynuzlu heyvan bəsləyir. Məqsədi təsərrüfatını daha da genişləndirməkdir. Deyir ki, Xanyurdunun təbii şəraiti heyvandarlığın inkişafı üçün əlverişlidir.
Onun sözlərinə görə, doğma kəndə qayıtmaqla illərdir qurduğu ən böyük arzusu gerçəkləşib: “Buradan çıxanda 7 yaşım var idi. Şükürlər olsun ki, 41 yaşımda bura qayıtmışam, bu gün öz elimizdə, obamızdayıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Prezidentimizə minnətdarlığımı bildirirəm, bugünkü günü bizə yaşadıb”.
İllərlə məcburi köçkünlük həyatı yaşayan ailə üçün bu qayıdış sadəcə yeni evə köçmək deyil. Bu, yarımçıq qalan uşaqlıq xatirələrinə, doğma ocağa və ata-baba torpağına yenidən qovuşmaq deməkdir. Bu gün Nəriman Abbasovun üç oğlu məhz valideynlərinin illərlə həsrətini çəkdiyi kənddə böyüyür.
Bu gün Xanyurdunda həyat yenidən öz axarına qayıdır. Nəriman Abbasov kimi kəndə qayıdan sakinlər təsərrüfatla məşğul olur, övladlarını ata-baba yurdunda böyüdür və uzun illər həsrətini çəkdikləri doğma yurdda gələcəklərini inamla qururlar.