Fransa Quru Qoşunları gələcəyin döyüş konsepsiyasını formalaşdırmaq məqsədilə “Pendragon” adlı robotlaşdırılmış döyüş bölməsini aktiv şəkildə sınaqdan keçirir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Sen-Sir Koetkidan hərbi poliqonunda hazırlanan layihənin 2028-ci ildən etibarən tam əməliyyat qabiliyyətinə malik olması planlaşdırılır.
“Pendragon” proqramı hava və yerüstü dronları, ağıllı sursatları və süni intellektlə idarə olunan robot sistemlərini bir araya gətirir. Təlimlər zamanı hücum dronu mürəkkəb relyefdə yerləşən hədəfi uzaq məsafədən müstəqil şəkildə aşkar edib məhv etmə ssenarisini uğurla yerinə yetirib. Dron uzaqdan operator tərəfindən idarə olunmur, əksinə, marşrutunu özü müəyyənləşdirir, maneələrdən yayınır və potensial təhlükələri tanıyaraq hərəkət edir.
Fransa Quru Qoşunlarının Gələcəyin Döyüşü Komandanlığının nümayəndəsi, polkovnik-leytenant Kristof bildirib ki, “Pendragon” ənənəvi piyada bölüyünün yerinə eyni taktiki vəzifələri yerinə yetirə biləcək. Onun sözlərinə görə, 120-130 əsgəri təhlükəyə atmaq əvəzinə, robotlarımızı və dronlarımızı döyüşə göndərəcəyik. O əlavə edib ki, 2027-ci ildən etibarən bu sistemlər tam avtonom şəkildə əməliyyatlar icra edə biləcək.
Hazırda Ukrayna da daxil olmaqla bəzi münaqişə zonalarında robotlaşdırılmış sistemlərdən geniş istifadə olunsa da, həmin platformaların əksəriyyəti insan operatorları tərəfindən idarə edilir. “Pendragon” layihəsinin əsas fərqi isə çoxsaylı robot və dronların süni intellekt vasitəsilə koordinasiya olunmasıdır.
Fransanın Müdafiə Nazirliyinin Süni İntellekt Agentliyinin nümayəndəsi polkovnik Tibo Kapdevil vurğulayıb ki, silahlı robotlar "qatil robotlar" demək deyil. Onun sözlərinə görə, layihənin məqsədi ənənəvi olaraq 150-170 hərbçidən ibarət bölüyün taktiki imkanlarını süni intellekt tərəfindən idarə olunan robot platformaları ilə təmin etməkdir.
Layihə çərçivəsində bölmənin tərkibində təxminən 15 iri yerüstü robot, 60-a yaxın dron və ağıllı sursat, həmçinin bölməyə rəhbərlik edən bir zabit və texnikanın daşınması xidmətini təmin edən azsaylı hərbçilər olacaq.
“Pendragon” bölməsinin 2028-ci ildə tam döyüş hazırlığına çatacağı gözlənilir.