İyulun 14-də Marneulidə "Azərbaycan Evi"nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstan, Azərbaycan, Türkiyə və İtaliyanın milli mətbəxlərinin tanıdılması məqsədilə Beynəlxalq Dostluq və Mədəniyyət Festivalı keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, festivalın əsas məqsədi müxtəlif xalqların zəngin mədəni irsinin, milli mətbəxinin və adət-ənənələrinin təbliği, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və multikultural dəyərlərin təşviqi olub.
Tədbir çərçivəsində Gürcüstan, Azərbaycan, Türkiyə və İtaliyanın milli mətbəx nümunələri təqdim edilib, ölkələrin milli musiqi alətləri, milli geyimləri və zəngin mədəni irsini əks etdirən guşələr nümayiş olunub. İştirakçılar müxtəlif xalqların kulinariya ənənələri, milli geyimləri və musiqi mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Festivalda çıxış edən Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov bildirib ki, müasir dövrdə xalqlar arasında inteqrasiyanın və qarşılıqlı əməkdaşlığın inkişafında mədəniyyət mühüm rol oynayır. O vurğulayıb ki, mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biridir və müxtəlif ölkələrin mədəni irsini, milli mətbəxini və adət-ənənələrini bir araya gətirən bu cür tədbirlər qarşılıqlı anlaşmanın, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verir.
GAİM-in əməkdaşı Zülfinaz Əliyeva çıxışında qeyd edib ki, festivalın əsas məqsədlərindən biri də gənclər arasında multikultural dəyərlərin təşviqi, müxtəlif xalqların mədəni irsi, milli mətbəxi və adət-ənənələri barədə məlumatlılığın artırılmasıdır. Onun sözlərinə görə, bu cür layihələr gənclərin mədəniyyətlərarası dialoqda fəal iştirakını təşviq edir, qarşılıqlı hörmət və tolerantlıq prinsiplərinin möhkəmləndirilməsinə, eləcə də xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verir.
Bildirilib ki, GAİM bundan sonra da gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və multikultural cəmiyyətin inkişafına xidmət edən layihələrin həyata keçirilməsini davam etdirəcək.
Festival çərçivəsində GAİM-in rəsm müəlliməsi Xəyalə Mustafayevanın milli-mədəni dəyərləri əks etdirən rəsm əsərlərindən ibarət sərgi də təşkil olunub. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və ziyarətçilər müəllifin əsərləri ilə yaxından tanış olublar.
Festivalın sonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) tərəfindən hazırlanmış, Gürcüstan, Azərbaycan, Türkiyə və İtaliyanın zəngin mədəni irsini, milli mətbəxini və adət-ənənələrini əks etdirən maarifləndirici broşürlər iştirakçılara paylanılıb.