"Prezidentin forumdakı çıxışı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini əhatə etdi" - ŞƏRH

15 İyul 2026 17:04 (UTC+04:00)

"Cənab Prezident İlham Əliyevin Qlobal Media Forumunda iştirakı və burada səsləndirdiyi fikirlər, təbii ki, yeni dünya siyasi transformasiya prosesləri baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki dövlət başçısı çıxışında regional siyasi nizamın formalaşdırılması, yenidən qurulması, həmçinin dünyanın siyasi sistemində yeni reallıqların yaranması istiqamətində vacib məqamlara toxundu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın regiondakı rolunu, Avropanın enerji təhlükəsizliyi və enerji diversifikasiyasındakı əhəmiyyətini, eləcə də qlobal nəqliyyat marşrutlarında oynadığı mühüm rolu xüsusilə vurğuladı:

"İlk növbədə Azərbaycanın qlobal geosiyasi proseslərdə artan əhəmiyyətini qeyd etdi. Bununla yanaşı, Avropa İttifaqı ilə enerji, ticarət, siyasi və iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirdi. Həmçinin Avropa İttifaqı və Avropa Şurası ilə münasibətlərə toxunaraq, Azərbaycanın milli maraqlarını daim qoruyacağını bir daha vurğuladı.

Bu onu göstərir ki, Cənab Prezident Azərbaycanın yeni dünya siyasi düzənində rolunu, Cənubi Qafqazın lider dövləti kimi mövqeyini və nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsinin strateji əhəmiyyətini ön plana çəkdi. Eyni zamanda, Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinə də xüsusi yer ayırdı. Qeyd etdi ki, həm şimal, həm də cənub istiqamətlərində mövcud risklərə baxmayaraq, Azərbaycan balanslaşdırılmış və müstəqil xarici siyasət həyata keçirir ki, bu da ölkənin sabit inkişafına xidmət edir.

Xüsusilə ABŞ-ın 907-ci düzəlişinin tamamilə ləğv edilməsinin vacibliyini vurğuladı. Bildirdi ki, artıq Azərbaycanla Ermənistan arasında yeni reallıqlar və iqtisadi əməkdaşlıq imkanları formalaşdığı üçün bu düzəlişin qüvvədə saxlanılması əsassızdır. Türkiyə ilə münasibətlərə də xüsusi diqqət ayıraraq, Türkiyə–Azərbaycan münasibətlərinin dünyada analoqu olmayan strateji müttəfiqlik nümunəsi olduğunu qeyd etdi. Vurğuladı ki, Azərbaycan daim təhlükəsizlik çağırışlarına adekvat cavab verən siyasət yürüdür və Azərbaycana qarşı hər hansı təhdid olacağı təqdirdə Türkiyə–Azərbaycan həmrəyliyinin özünü göstərəcəyi mesajını verdi.

Konseptual baxımdan Cənab İlham Əliyevin forumdakı çıxışı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini əhatə etdi. O, Azərbaycanın bundan sonra da inkişaf edəcəyini, suverenliyini və təhlükəsizliyini qətiyyətlə qoruyacağını bir daha bəyan etdi".