“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa şəhərinin Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı mexanizmi əsasında həyata keçirilən layihə ilə tanış olub”. Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Aydın Hüseynov bildirib
Onun sözlərinə görə, layihə dövlət və özəl sektorun əməkdaşlığı nəticəsində reallaşdırılıb və Şuşa şəhərinin müasir şəhərsalma konsepsiyasına uyğun inkişafına töhfə vermək məqsədi daşıyır:
”Burada yaradılan infrastruktur, müasir memarlıq həlləri və xidmət imkanları şəhərin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, turizm potensialının genişləndirilməsinə və sakinlər üçün əlverişli yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.
Dövlət-özəl tərəfdaşlığı modeli işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesinə özəl investisiyaların cəlb olunmasına, yeni biznes imkanlarının yaradılmasına və dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin layihə ilə tanış olması Şuşada aparılan yenidənqurma işlərinin ardıcıl şəkildə davam etdirildiyini, dövlətlə özəl sektor arasında əməkdaşlığın daha da genişləndirildiyini və şəhərin müasir inkişaf konsepsiyasına uyğun şəkildə yenidən qurulduğunu bir daha nümayiş etdirir”.