"Uşağa hər zaman “bəli" demək onu xoşbəxt yox, həyata hazırlıqsız edir" - Psixoloq

15 İyul 2026 16:04 (UTC+04:00)

"Müasir valideynlik əvvəlki nəsillərdən xeyli fərqlənir. Əgər bir vaxtlar əsas məqsəd uşağın fiziki ehtiyaclarını ödəmək idisə, bu gün valideynlər daha çox onun emosional rahatlığını qorumağa çalışırlar". Bu fikirləri SİA-ya açıqlamasında PRİM Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Almara Məlikova bildirib.
Onun sözlərinə görə, bu, əlbəttə ki, müsbət yanaşmadır: "Lakin bəzən uşağın xoşbəxt olması ilə bütün istəklərinin yerinə yetirilməsi eyni anlayış kimi qəbul edilir. Məhz bu məqamda problemlər başlayır.

Mənim psixoloq kimi müşahidələrim göstərir ki, son illərdə valideynlərin uşağa "yox" deməsi getdikcə çətinləşib. Bunun arxasında bir neçə səbəb dayanır. Bir tərəfdən, valideynlər uşaqlarının inciməsini istəmirlər, digər tərəfdən isə günahkarlıq hissi yaşayırlar. İş həyatının intensivliyi, uşağa ayrılan vaxtın azlığı, boşanma hallarının artması və sosial şəbəkələrdə yaradılan "ideal valideyn" obrazı bir çox valideyni kompensasiya davranışına sövq edir. Onlar düşünürlər ki, "yox" demək əvəzinə hər istəyi yerinə yetirsələr, övladlarını daha xoşbəxt edəcəklər.

Ancaq psixoloji baxımdan uşağın sağlam inkişafı üçün sevgi qədər sərhədlər də vacibdir. Uşaq ailədə ilk dəfə qayda, məsuliyyət, səbir və gözləməyi öyrənir. Əgər o, hər dəfə istədiyini dərhal əldə edirsə, onda həyatın reallıqları haqqında yanlış təsəvvür formalaşır. Çünki real həyatda hər arzu dərhal gerçəkləşmir və hər istəyə "bəli" cavabı verilmir.

Hər istəyi yerinə yetirilən uşaqlar böyüdükcə məyusluğa qarşı dözümsüz ola bilərlər. Onlar "yox" cavabını qəbul etməkdə, gözləməyi bacarmaqda, uğursuzluqlarla mübarizə aparmaqda və emosiyalarını idarə etməkdə çətinlik çəkirlər. Məktəbdə müəllimdən, universitetdə qiymətləndirmədən, iş həyatında rəhbərdən və ya şəxsi münasibətlərdə qarşı tərəfdən istədikləri reaksiyanı almadıqda bunu normal həyat hadisəsi kimi deyil, şəxsi rədd edilmə kimi qəbul edə bilirlər.

Bu cür uşaqlarda frustrasiya dözümlülüyünün zəif olması gələcəkdə narahatlıq, aqressiv davranışlar, impulsiv qərarlar, aşağı emosional davamlılıq və münasibətlərdə problemlərlə nəticələnə bilər. Çünki onlar uşaqlıqdan emosional diskomfortla üzləşməyi deyil, ondan qaçmağı öyrəniblər.

Valideynlərin bilməli olduğu ən vacib məqamlardan biri budur ki, "yox" demək sevgisizlik deyil. Əksinə, sevginin məsuliyyətli tərəfidir. Bəzən uşağın həmin an narazı qalması, gələcəkdə psixoloji cəhətdən daha güclü bir insan olmasının təməlini qoyur.

Mən hər zaman valideynlərə deyirəm ki, məqsəd uşağın hər istəyini həyata keçirmək deyil, onu həyata hazırlamaqdır. Çünki həyatın özü sərhədlərlə doludur. Uşaq bu sərhədləri ilk dəfə ailədə sevgi və anlayış içində öyrənərsə, gələcəkdə qarşılaşacağı çətinliklər qarşısında daha möhkəm, daha dözümlü və emosional baxımdan daha sağlam bir şəxsiyyət kimi formalaşacaq.

Əslində uşağın hər istədiyini almaq onu xoşbəxt etmir. Uşağı xoşbəxt edən təhlükəsizlik hissi, sevildiyini bilməsi, dəyərli hiss etməsi və eyni zamanda həyatın qaydalarını öyrənməsidir. Psixoloji sağlamlığın təməli də məhz sevgi ilə qoyulan sağlam sərhədlərdən başlayır".

Lətifə Musayeva