Balıq məhsulları bahalaşacaq? - İQTİSADÇI AÇIQLADI

15 İyul 2026 15:45 (UTC+04:00)

Azərbaycanda balıq bazarında yeni mərhələ başlayır. İdxal olunan bəzi balıq növlərinə mərhələli şəkildə vergi tətbiq ediləcəyi gündəmdədir. Xüsusilə forel, nərə və digər akvakultura məhsulları üzrə nəzərdə tutulan bu dəyişiklik yaxın aylarda mağaza və bazarlardakı qiymətlərdə də hiss oluna bilər. Qiymətlərin artacağı ilə bağlı müzakirələr də artıb. Bəs qiymət artımı gözlənilirmi?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, qiymətləri yoxlamalar yox, yüksək istehsal xərcləri müəyyən edir:

“Balıqçılıq təsərrüfatlarında yoxlamaların dayandırılması ilə bağlı istisnaların artırılması və yeni meyarların tətbiqi sahibkarlar üçün inzibati yükün azaldılması baxımından müsbət addım kimi qiymətləndirilə bilər. Risk əsaslı nəzarət mexanizmlərinin tətbiqi, təkrarlanan yoxlamaların aradan qaldırılması və bürokratik prosedurların sadələşdirilməsi istehsal prosesinin daha səmərəli təşkilinə müəyyən töhfə verə bilər.

Lakin cəmiyyəti maraqlandıran əsas sual budur: bu dəyişikliklər bazarda ət, toyuq və balıq məhsullarının qiymətlərini ucuzlaşdıracaqmı?

Hesab edirəm ki, bu gözlənti reallığı tam əks etdirmir. Çünki bu sahələrdə məhsulun maya dəyərini formalaşdıran əsas amillər yoxlamalar deyil. Əsas xərc yükü yem, damazlıq materialı, baytarlıq preparatları, enerji, yanacaq, logistika, kredit faizləri və idxaldan asılı olan digər istehsal resursları ilə bağlıdır.

Əgər bu xərclər yüksək olaraq qalacaqsa, inzibati prosedurların sadələşdirilməsi qiymətlərə yalnız məhdud təsir göstərə bilər. İstehlakçı bazarda ciddi ucuzlaşma hiss etməyəcək.

Digər tərəfdən, nəzarətin optimallaşdırılması heç də nəzarətin zəiflədilməsi anlamına gəlməməlidir. Xüsusilə heyvandarlıq, quşçuluq və balıqçılıq kimi insan sağlamlığı ilə birbaşa əlaqəli sahələrdə qida təhlükəsizliyi və baytarlıq nəzarəti yüksək səviyyədə qorunmalıdır. Burada əsas prinsip "az yoxlama" deyil, "daha ağıllı və risk əsaslı yoxlama" olmalıdır.

Əgər hökumətin məqsədi bazarda qiymət sabitliyini təmin etməkdirsə, diqqət ilk növbədə istehsal xərclərinin azaldılmasına yönəlməlidir. Yem istehsalının inkişafı, yerli xammal bazasının gücləndirilməsi, güzəştli maliyyələşmənin genişləndirilməsi, enerji və logistika xərclərinin optimallaşdırılması daha effektiv nəticə verə bilər.

Qiymətləri inzibati prosedurlar deyil, iqtisadi reallıqlar formalaşdırır. Sahibkarın maya dəyəri azalmadığı halda, istehlakçının da qiymət endirimi gözləməsi çətin olacaq. Ona görə də islahatlar kompleks xarakter daşımalı, həm biznes mühitini yaxşılaşdırmalı, həm də istehsalın əsas xərc elementlərini azaltmalıdır. Yalnız bu halda bazarda ət, toyuq və balıq məhsullarının qiymətlərinin sabitləşməsinə nail olmaq mümkündür.