"Prezident İlham Əliyev beynəlxalq tədbirlərin birində “Qarabağ Azərbaycandır!” ifadəsini səsləndirmişdi. Bu mesaj təkcə Ermənistana deyil, bütün dünya ictimaiyyətinə ünvanlanmışdı. Sonrakı hadisələr göstərdi ki, Prezident verdiyi sözə sadiq qaldı və 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan torpaqları azad edildi".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.
.jpg)
Onun sözlərinə görə, bu baxımdan, bu gün Xankəndidə yeni otelin istifadəyə verilməsi təkcə iqtisadi və ya turizm layihəsi deyil, həm də mühüm siyasi və simvolik məna daşıyır:
"Xankəndi uzun illər separatçı rejimin əsas mərkəzi kimi təqdim olunurdu. Ermənistan və erməni lobbisi müxtəlif platformalarda bu şəhərdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırdı. Bu səbəbdən Xankəndi beynəlxalq diqqət mərkəzində olan şəhərlərdən biri idi.
Prezidentin məhz Xankəndidə otelin açılışında iştirak etməsi bir daha göstərdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və burada həyatın bütün sahələrində bərpa və inkişaf prosesi davam edir. Bu addım eyni zamanda beynəlxalq ictimaiyyətə və Ermənistandakı revanşist dairələrə verilən açıq mesaj kimi qiymətləndirilə bilər. Qarabağ məsələsi artıq həll olunub və bölgənin gələcəyi Azərbaycanın suverenliyi çərçivəsində qurulur.
Xankəndidə otelin istifadəyə verilməsi şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Bu layihə həm bölgədə turizm infrastrukturunun inkişafına xidmət edir, həm də şəhərə gələn qonaqlar və turistlər üçün müasir xidmət imkanları yaradır.
Eyni zamanda, bu cür layihələr Xankəndidə normal həyatın bərpasına, iqtisadi aktivliyin artırılmasına və şəhərin yenidən inkişafına mühüm töhfə verir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin azad edilmiş ərazilərə hər səfəri yeni infrastruktur layihələrinin istifadəyə verilməsi ilə yadda qalır. Hava limanlarının, yolların, otellərin, sənaye müəssisələrinin və digər obyektlərin açılışı Qarabağ və Şərqi Zəngəzurun bərpasının planlı və sistemli şəkildə həyata keçirildiyini göstərir.
Bu baxımdan, Xankəndidə otelin açılışı yalnız yeni bir turizm obyektinin istifadəyə verilməsi deyil, həm də şəhərin dirçəlişinin, dövlət suverenliyinin möhkəmləndirilməsinin və Azərbaycanın Qarabağda həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər".