"Hər il keçirilən Qlobal Media Forumunda Prezidentin çıxışı xüsusi diqqət mərkəzində olur. Bu çıxışlarda həm regional, həm də qlobal gündəmdə olan məsələlərə toxunulur, mövcud problemlər və onların həlli yolları ilə bağlı Azərbaycanın mövqeyi açıqlanır".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
_(1).jpg)
Politoloqun sözlərinə görə, bu ilki çıxışında da Prezident ilk növbədə Ermənistanla sülh prosesi məsələsinə diqqət çəkdi. O vurğuladı ki, sülh sazişinin imzalanması istiqamətində müəyyən irəliləyişlər olsa da, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların hələ də qalması ciddi problem olaraq qalır:
"Əgər regionda uzunmüddətli sabitlik və təhlükəsizlik təmin olunacaqsa, heç bir dövlətin digər dövlətin ərazi bütövlüyünə iddiası olmamalıdır. Bu məsələnin həlli sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biridir.
Prezident çıxışında regionda və dünyada baş verən proseslərə də geniş yer ayırdı. Xüsusilə Yaxın Şərqdə davam edən münaqişələrin Azərbaycanın da daxil olduğu regiona təsirsiz ötüşmədiyini qeyd etdi.
Azərbaycan strateji coğrafi mövqeyə malik ölkədir və Asiya ilə Avropanı birləşdirən mühüm logistika mərkəzlərindən biridir. Buna görə də regionda baş verən müharibələr, qarşıdurmalar və geosiyasi gərginliklər beynəlxalq nəqliyyat marşrutlarına, ticarət əlaqələrinə və iqtisadi fəaliyyətə birbaşa təsir göstərir.
Azərbaycanın İran və Türkiyə ilə həmsərhəd olması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yaxın Şərqdə baş verən hər hansı münaqişə ölkəmizə iqtisadi və logistika baxımından dolayı təsirlər göstərir. Buna görə də Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olunmasının tərəfdarıdır.
Prezident eyni zamanda Rusiya–Ukrayna müharibəsinin qlobal nəticələrinə də diqqət çəkdi. Bu müharibə təkcə iştirakçı dövlətlərə deyil, dünya iqtisadiyyatına da ciddi təsir göstərir. Nəticədə logistika zəncirlərində problemlər yaranır, enerji və ərzaq qiymətləri artır, beynəlxalq bazarlarda qeyri-sabitlik müşahidə olunur və iqtisadi risklər genişlənir.
Çıxış zamanı sosial və iqtisadi məsələlər də ön plana çəkildi. Prezident Azərbaycanın həyata keçirdiyi nəqliyyat və logistika layihələrinin əhəmiyyətini vurğuladı, xüsusilə beynəlxalq tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərə toxundu.
Qeyd olundu ki, Azərbaycan regional nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirməyə çalışır və bu istiqamətdə həyata keçirilən layihələr ölkənin iqtisadi inkişafına mühüm töhfə verir. Bunun üçün isə regionda davamlı sülhün və sabitliyin təmin olunması əsas şərtlərdən biridir.
Ümumilikdə, Prezidentin çıxışında verilən əsas mesaj ondan ibarət idi ki, Azərbaycan həm regionda, həm də beynəlxalq səviyyədə sülhün, əməkdaşlığın və iqtisadi inkişafın tərəfdarıdır. Ölkəmiz geosiyasi mövqeyindən istifadə edərək beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına, regional əməkdaşlığın gücləndirilməsinə və uzunmüddətli sabitliyin təmin olunmasına töhfə verməyə davam edəcək".