"Ağaclar da insanlar kimi yaşlandıqca daha çox qida və suya ehtiyac duyurlar. Gövdəsi və tacı böyüdükcə onların suya, mineral maddələrə və qida elementlərinə olan tələbatı da artır".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, apardığım tədqiqatlar göstərir ki, xüsusilə meyvə ağaclarında yeraltı və yerüstü hissələr arasında müəyyən tarazlıq olmalıdır:
"Yəni ağacın yerüstü hissəsi nə qədər inkişaf edirsə, kök sistemi də onu təmin edəcək qədər güclü olmalıdır. Məhz kök sistemi ağacın qidalanmasını, möhkəm dayanmasını və normal inkişafını təmin edir.
Buna görə də ağac əkilərkən ən vacib məsələlərdən biri onun qida sahəsinin düzgün hesablanmasıdır. Təəssüf ki, bir çox hallarda bu amilə kifayət qədər diqqət yetirilmir. Ağacların bir-birinə çox yaxın əkilməsi sonradan müxtəlif problemlərə səbəb olur. Kök sistemləri bir-birinə mane olur, qida maddələri uğrunda rəqabət yaranır. Nəticədə ağaclar zəifləyir, xəstəliklərə və zərərvericilərə daha həssas olur, hətta quruma riski ilə üzləşirlər.
Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının ərazisində yerləşən Qırmızı kitaba daxil edilmiş Şərq çinarları arasında kifayət qədər məsafə saxlanılıb. Buna görə də həmin ağaclar sağlam inkişaf edir, möhtəşəm görünüşə malik olur və eyni zamanda geniş kölgə yaradır. Bu isə həm şəhərin estetik görünüşünə, həm də insanların rahatlığına xidmət edir.
Ağacların yalnız budaqları deyil, kök sistemləri də bir-birinə toxunduqda problemlər yaranır. Ona görə də şəhərsalmada ağacların növü və gələcək inkişafı nəzərə alınaraq əkin məsafəsi düzgün müəyyən edilməlidir.
Uzun illər ərzində formalaşmış iri ağacların qorunması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda onların vaxtında və elmi qaydalara uyğun budanması da vacibdir. Qurumuş, xəstə və ya deformasiyaya uğramış budaqlar kəsilməlidir ki, həm ağac sağlam qalsın, həm də insanlar üçün təhlükə yaranmasın.
Bakı kimi torpaq-iqlim şəraiti mürəkkəb olan şəhərdə mövcud yaşıllığın qorunması xüsusilə vacibdir. Böyük zəhmətlə yaradılmış yaşıllıq şəhərin gözəlliyini artırır, yağıntılardan sonra isə daha da füsunkar görünüş alır.
Ağaclar insan həyatı üçün əvəzolunmazdır. Fotosintez prosesi nəticəsində onlar karbon qazını udur, oksigen ifraz edir və şəhərin hava keyfiyyətinin yaxşılaşmasına mühüm töhfə verirlər.
Bundan əlavə, ağaclar havadakı toz hissəciklərinin bir hissəsini öz üzərində saxlayırlar. Sonradan yağıntılar həmin tozları yuyaraq atmosferi müəyyən qədər təmizləyir. Beləliklə, ağaclar insanların sağlamlığının qorunmasına da xidmət edir.
Yaşıllıq həmçinin şəhərdə nəqliyyatın yaratdığı səs-küyün azalmasına kömək edir. Ağaclar müəyyən səviyyədə səs dalğalarını udaraq daha rahat və sağlam yaşayış mühiti formalaşdırırlar.
Yay aylarında onların yaratdığı kölgə şəhərdə temperaturun aşağı düşməsinə, insanların istidən qorunmasına imkan yaradır. Eyni zamanda yaşıllıq insanlarda psixoloji rahatlıq yaradır, şəhərin estetik görünüşünü zənginləşdirir və həyat keyfiyyətini yüksəldir.
Ekoloji baxımdan hesab olunur ki, hər bir insan üçün təxminən 50 kvadratmetr yaşıllıq sahəsinin olması şəhər mühitində sağlam həyat şəraitinin formalaşmasına kömək edir.
Şəhərlərin yaşıllaşdırılması zamanı ağac növlərinin seçilməsi də xüsusi əhəmiyyət daşıyır. Həmişəyaşıl ağaclarla yarpağını tökən ağacların düzgün kombinasiyası ilin bütün fəsillərində estetik görünüş yaradır. Bununla yanaşı, şəhər mühiti üçün uyğun olmayan, tikanlı və çox toz toplayan növlərin əkilməsindən mümkün qədər çəkinmək lazımdır.
Beləliklə, ağaclar şəhərlərin ekoloji tarazlığının, insanların sağlamlığının və urbanistik gözəlliyin qorunmasında əvəzsiz rol oynayır. Buna görə də onların düzgün seçilməsi, elmi əsaslarla əkilməsi və peşəkar qaydada qulluq olunması şəhərsalmanın əsas prioritetlərindən biri olmalıdır".