“Forum Azərbaycanın informasiya diplomatiyasının mühüm alətlərindən biri oldu” - ŞƏRH

15 İyul 2026 14:14 (UTC+04:00)

“İyulun 13-də Şuşada keçirilən IV Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyasının mühüm platformalarından biri kimi çıxış edir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu ilki forum qlobal informasiya mühitində dezinformasiya, informasiya manipulyasiyası və ictimai etimad böhranının dərinləşdiyi bir dövrdə təşkil olunması baxımından xüsusi aktuallıq kəsb edir:

”Məlumdur ki, forumda 54 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert, dövlət rəsmisi, beynəlxalq xəbər agentlikləri və media təşkilatlarının təmsilçiləri iştirak edir. Bu fakt forumun beynəlxalq əhatə dairəsinin ildən-ilə genişləndiyini göstərir.

Şuşa Qlobal Media Forumunun tarixinə nəzər saldıqda görünür ki, bu təşəbbüs 2022-ci ildə keçirilən Beynəlxalq Media Forumunun davamı olaraq formalaşıb. 2023-cü ildə ilk dəfə Şuşada təşkil olunan forum “IV Sənaye İnqilabı dövründə yeni media”, 2024-cü ildə “Yalan narrativlərin ifşası və dezinformasiyaya qarşı mübarizə”, 2025-ci ildə isə “Süni intellekt dövründə informasiya və media dayanıqlığının gücləndirilməsi” mövzularına həsr olunmuşdu. Bu ardıcıllıq göstərir ki, forum hər il qlobal informasiya məkanında meydana çıxan yeni çağırışların müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilir. Dörd forum ərzində 80-dən çox ölkədən yüzlərlə media nümayəndəsinin iştirakı da bu platformanın beynəlxalq nüfuzunu artıran əsas amillərdən biridir.

Builki forumun əsas mesajı ondan ibarətdir ki, müasir dövrdə media yalnız informasiya ötürən institut deyil, həm də sülh quruculuğu prosesinin fəal iştirakçısıdır. Müharibə və postmünaqişə şəraitində həqiqətə əsaslanan jurnalistika cəmiyyətlər arasında etimadın bərpasına, nifrət ritorikasının zəiflədilməsinə və davamlı dialoqun formalaşmasına mühüm töhfə verə bilər. Bu baxımdan forumun mövzusu təkcə Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq media ictimaiyyəti üçün də aktualdır. Panel müzakirələrində media etikası, süni intellekt dövründə məsuliyyətli jurnalistika, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması və sərhədlərarası media dialoqu kimi məsələlərin gündəmə gətirilməsi də bu yanaşmanın tərkib hissəsidir.

Forumun keçirildiyi məkan da ayrıca siyasi və simvolik əhəmiyyət daşıyır. Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də postmünaqişə dövründə yenidənqurma və beynəlxalq əməkdaşlıq siyasətinin simvollarından biri kimi təqdim olunur. Beynəlxalq media nümayəndələrinin şəhərə səfəri onlara bölgədə həyata keçirilən bərpa və quruculuq proseslərini yerində müşahidə etmək, region haqqında müxtəlif mənbələrdən formalaşmış təsəvvürləri real faktlarla müqayisə etmək imkanı yaradır. Bu baxımdan forum Azərbaycanın informasiya diplomatiyasının mühüm alətlərindən biri kimi qiymətləndirilə bilər.

Forum çərçivəsində verilən əsas mesajlardan biri də qlobal informasiya təhlükəsizliyi ilə bağlıdır. Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi, saxta məzmun istehsalının və dezinformasiyanın artdığı şəraitdə peşəkar jurnalistikanın və etibarlı informasiya mənbələrinin rolu daha da artır. İctimai etimadın yenidən qurulması isə media etikası, faktların dəqiq yoxlanılması və beynəlxalq peşəkar əməkdaşlıq sayəsində mümkün ola bilər. Bu baxımdan IV Şuşa Qlobal Media Forumu regional tədbir olmaqdan çıxaraq qlobal informasiya gündəliyinin əsas məsələlərinin müzakirə olunduğu nüfuzlu beynəlxalq dialoq platforması kimi öz mövqeyini daha da möhkəmləndirib”.