Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb

15 İyul 2026 09:42 (UTC+04:00)

Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaqdaşıyan avtomobildə yanğın baş verib.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Qoşqusunda 31 ton dizel yanacağı olan "Mercedes" markalı avtomobilin kabinə hissəsində baş vermiş yanğın yanacaq çəninə keçməsinə və ağır fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin kabinə hissəsi yanıb. Xəsarət alan olmayıb. Avtomobilin qoşqusunda olan yanacaqla dolu yanacaq çəni yanğından mühafizə olunub.