Heydər Əliyevin təhsil siyasəti: milli inkişafın strateji istiqaməti

14 İyul 2026 18:41 (UTC+04:00)

1969-cu il iyulun 14-ü Azərbaycan xalqının müasir tarixində xüsusi əhəmiyyətə malikdir. Bu tarix milli dövlətçilik ideyalarının möhkəmləndiyi və xalqın gələcəyə inamının artdığı mühüm mərhələ kimi dəyərləndirilir. 1969-cu il Azərbaycanın inkişaf tarixində dönüş nöqtəsi olub. Həmin dövrdə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi potensialı artırılıb, sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində böyük nailiyyətlər əldə edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında 121 nömrəli tam orta məktəbin tarix müəllimi Yalçın Quliyev söyləyib. O bildirib ki, bu illərdə görülən genişmiqyaslı işlər Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb, milli kadrların hazırlanmasına, xalqın intellektual potensialının güclənməsinə və dövlətçilik düşüncəsinin formalaşmasına mühüm töhfə verib. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşan inkişaf modeli sonrakı illərdə də Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində mühüm rol oynayıb. Bu gün müasir Azərbaycan dövlətinin əldə etdiyi uğurların əsasında məhz həmin illərdə yaradılmış iqtisadi, siyasi və mənəvi potensial dayanır. Gənc nəslin bu tarixi mərhələni düzgün öyrənməsi və qiymətləndirməsi onların vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyət daşıyır.

Müsahibimiz vurğulayıb ki, Heydər Əliyev təhsili dövlət quruculuğunun, milli inkişafın və cəmiyyətin tərəqqisinin başlıca amili hesab edirdi: “O, dəfələrlə vurğulayırdı ki, hər bir ölkənin gələcəyi onun təhsil sisteminin səviyyəsindən, gənc nəslin bilik və bacarıqlarından asılıdır. Bu baxımdan, Ümummilli Liderin fəaliyyətində təhsil sahəsinin inkişafı daim xüsusi yer tutub. 1969-cu ildən etibarən Azərbaycanda yüzlərlə yeni məktəb binasının tikilməsi, mövcud təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Müəllim peşəsinin nüfuzunun artırılması, təhsilin əlçatanlığının genişləndirilməsi və gənclərin yüksəksəviyyəli biliklərə yiyələnməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub”.

Yalçın Quliyev bildirib ki, Ümummilli Liderin xüsusi diqqət yetirdiyi sahələrdən biri də milli kadr potensialının formalaşdırılması olub. Onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilib, müxtəlif sahələr üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına geniş imkanlar yaradılıb. Sonrakı dövrlərdə həmin mütəxəssislər Azərbaycanın elm, təhsil, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində mühüm rol oynayıblar.

“Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi, dövlətçiliyin etibarlı dayağı kimi qiymətləndirirdi. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını, milli-mənəvi dəyərlərə bağlı, yüksək intellektual səviyyəyə malik vətəndaşlar kimi formalaşmasını vacib hesab edirdi. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, elmi, mədəni və iqtisadi həyatında fəal iştirak edir, dövlətimizin inkişafına mühüm töhfələr verir. Müstəqillik illərində də Ümummilli Lider Heydər Əliyev təhsilin inkişafını dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirib. Onun rəhbərliyi ilə təhsil sisteminin müasir tələblərə uyğunlaşdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində bu gün həyata keçirilən ardıcıl islahatlar, yeni məktəb binalarının inşası, rəqəmsal təhsil mühitinin inkişafı, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və gənclərin hərtərəfli inkişafına yönəlmiş dövlət proqramları Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun uğurla davam etdirildiyini təsdiqləyir”, – deyə Yalçın Quliyev qeyd edib.

Müsahibimiz sonda vurğulayıb ki, Heydər Əliyevin zəngin siyasi irsi, təhsilə verdiyi yüksək dəyər və milli inkişaf strategiyası gələcək nəsillər üçün də etibarlı yol göstəricisi olaraq qalacaq.