"14 iyul 1969-cu il müasir Azərbaycanın təməlinin qoyulduğu tarixi gündür" - ŞƏRH

14 İyul 2026 16:26 (UTC+04:00)

Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ölkəmizin tarixində yeni inkişaf mərhələsinin başlanğıcı oldu".

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, həmin gün müasir Azərbaycan dövlətçiliyinin möhkəm təməlləri qoyuldu: "Azərbaycan xalqı uzun illər müstəqilliyini itirmiş, hüquqları tapdalanmış, müxtəlif ədalətsizliklərlə üzləşmişdi. Belə bir dövrdə Heydər Əliyev xalqın ümidini özünə qaytaran, milli maraqları qətiyyətlə müdafiə edən lider kimi tarixə düşdü.

Onun rəhbərliyi ilə qısa müddətdə Azərbaycan keçmiş SSRİ məkanında ən sürətlə inkişaf edən respublikalardan birinə çevrildi. 13 il ərzində 250-dən çox iri sənaye müəssisəsi istifadəyə verildi, yüz minlərlə yeni iş yeri yaradıldı, mənzil fondu iki dəfə artırıldı, yeddi ali təhsil müəssisəsi açıldı, 800-dən çox orta məktəb tikildi. Elmə, təhsilə, mədəniyyətə və incəsənətə göstərilən diqqət Azərbaycanın intellektual potensialının formalaşmasına mühüm töhfə verdi.

Ən böyük nailiyyətlərdən biri isə xalqın özünəinamının bərpa olunması idi. Heydər Əliyev insanlarda dövlətə və gələcəyə inam yaratdı, hər bir vətəndaşda Vətən qarşısında məsuliyyət hissini gücləndirdi. Onun yüksək idarəçilik bacarığı keçmiş SSRİ rəhbərliyi tərəfindən də qiymətləndirildi və daha yüksək vəzifəyə irəli çəkildi. Sonrakı dövrdə bu fəaliyyətə layiqincə qiymət verilməsə də, Azərbaycan xalqının yaddaşında Heydər Əliyev həmişə dövlətini və xalqını müdafiə edən qüdrətli lider kimi qaldı.

1990-cı ilin 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verməsi, Naxçıvana rəhbərlik etdiyi dövrdə bölgəni Ermənistanın işğalından qoruması, 1993-cü ildə hakimiyyətə qayıdaraq Azərbaycanı vətəndaş qarşıdurmasından xilas etməsi, dövlət müstəqilliyini möhkəmləndirməsi və milli sərvətlərimizin ölkənin maraqlarına xidmət etməsini təmin etməsi bugünkü güclü Azərbaycanın əsasını təşkil edən tarixi xidmətlərdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Prezidentin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq mövqeyini, müstəqil siyasətini və qlobal proseslərə obyektiv yanaşmasını bir daha nümayiş etdirdi və dünya mediasında da böyük maraqla qarşılandı.

Bu gün müəyyən dairələr xaricdən aldıqları dəstəklə Azərbaycanda inamsızlıq və qarşıdurma yaratmağa çalışsalar da, xalqın dövlətə və Prezidentə olan etimadı bu cəhdləri nəticəsiz qoyur. Azərbaycanda xalq-hakimiyyət birliyi mövcuddur və bu birlik ölkənin davamlı inkişafının əsas təminatıdır.

Bu gün hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, ölkəmizin qazandığı uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir və Azərbaycan gündən-günə daha da güclənir".

Lətifə Musayeva