"2025-ci ilin sonlarından etibarən Rusiya–Ukrayna müharibəsi ilə bağlı diplomatik proses əvvəlki dövrlərlə müqayisədə xeyli intensivləşib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
Onun sözlərinə görə, Donald Trampla Volodimir Zelenski arasında keçirilən görüşdən sonra, 2025-ci ilin dekabrında Ukrayna Prezidenti potensial sülh sazişinin təxminən 90 faizinin razılaşdırıldığını bildirmişdi:
"Lakin Rusiyanın nəzarət etdiyi ərazilərlə bağlı irəli sürdüyü tələblər əsas maneə olaraq qalır və Moskva bu məsələdə ciddi kompromisə hazır olduğunu nümayiş etdirmir.
Bu müddətdə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında Birləşmiş Ərəb Əmirlikləri və İsveçrənin Cenevrə şəhərində bir neçə mərhələdə danışıqlar aparılıb. Xüsusilə 2026-cı ilin 17–18 fevral tarixlərində Cenevrədə keçirilən görüş münaqişənin başlanmasından sonra ilk dəfə ərazi məsələlərinin rəsmi gündəliyə daxil edilməsi baxımından diqqət çəkirdi. Buna baxmayaraq, danışıqlar ciddi nəticə verməyib.
Beynəlxalq mediada yer alan məlumatlara görə, Rusiya rəhbərliyi maksimalist mövqeyindən geri çəkilmək niyyətində deyil. Moskvadakı qeyri-rəsmi danışıqlarda iştirak edən mənbələrin bildirdiyinə əsasən, Kreml Ukrayna ilə bağlı fundamental güzəştlərə hazır deyil və bu da real sülh danışıqlarının perspektivini zəiflədir.
İyunun əvvəlində Volodimir Zelenski Avropanın yeni danışıqlarda əsas iştirakçılardan biri olmasını təklif edərək Vladimir Putinə açıq məktub ünvanladı və üzbəüz görüş keçirməyə hazır olduğunu bildirdi. Rusiya Prezidenti isə Avropanın neytral vasitəçi sayıla bilməyəcəyini, Donbasla bağlı Rusiyanın tələbləri yerinə yetirilmədiyi halda belə görüşün mənasız olduğunu bəyan etdi. İyul ayında Zelenskinin G7 sammiti çərçivəsində irəli sürdüyü görüş təklifi də nəticəsiz qaldı.
BMT-nin rolu isə əsasən humanitar və normativ çərçivə ilə məhdudlaşır. Təşkilat münaqişənin beynəlxalq hüquq və Ukraynanın suverenliyi çərçivəsində həllini dəstəkləsə də, Təhlükəsizlik Şurasında Rusiyanın veto hüququ onun praktik təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bu səbəbdən faktiki vasitəçilik missiyasını daha çox ABŞ və ayrı-ayrı regional aktorlar həyata keçirirlər.
Son dövrdə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə kimi ölkələr əsir mübadiləsi və humanitar məsələlər üzrə daha praktik nəticələr əldə edə biliblər. Bu da göstərir ki, bəzi regional vasitəçilər konkret humanitar məsələlərdə beynəlxalq təşkilatlardan daha effektiv rol oynaya bilirlər.
Avropa İttifaqı isə hazırda daha çox tərəf kimi çıxış edir. Avropa İttifaqının xarici siyasət üzrə rəhbərliyinin səsləndirdiyi bəyanatlar Rusiyanın qəbul edə biləcəyi vasitəçilik formatını daha da çətinləşdirir.
Mövcud vəziyyəti nəzərə alaraq hesab edirəm ki, 2026-cı ilin ikinci yarısında tam və dayanıqlı sülh sazişinin imzalanması ehtimalı aşağıdır. Daha real ssenari məhdud müddətli atəşkəslərin əldə olunması, əsir mübadilələrinin davam etdirilməsi və humanitar dəhlizlərin fəaliyyətinin genişləndirilməsidir. Ərazi məsələləri və təhlükəsizlik təminatları kimi fundamental problemlərin isə yaxın perspektivdə həllini tapacağı inandırıcı görünmür.
Beynəlxalq təşkilatların rolu bundan sonra da əsasən humanitar yardımın təşkili, monitorinq və hüquqi çərçivənin qorunması ilə məhdud qalacaq. Münaqişənin taleyini müəyyən edəcək əsas qərarlar isə böyük dövlətlərin siyasi iradəsindən və birbaşa aparılan danışıqlardan asılı olacaq".
Lətifə Musayeva