AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva ilə MÜSAHİBƏ

14 İyul 2026 14:54 (UTC+04:00)

Respublikamızda fizika elminin inkişafinda layiqli xidmətləri olan tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının fizika üzrə ilk və indiyədək yeganə qadın üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Səlimə Mehdiyevanın 85 yaşı tamam olur. Alimlə ölkəmizdə fizika elminin inkişaf perspektivləri, müasir texnologiyaların fundamental tədqiqatlara təsiri, süni intellekt və rəqəmsallaşmanın elm sahəsinə gətirdiyi yeniliklər, yüksəkixtisaslı kadr hazırlığı, eləcə də onun zəngin elmi fəaliyyəti və 85 illik yubileyi münasibətilə həmsöhbət olduq.

– Hörmətli Səlimə xanım, son illər ərzində sizin rəhbərliyinizlə əldə olunan ən mühüm elmi nəticələr və onların tətbiqləri barədə məlumat verə bilərsinizmi?

– Əvvəla qeyd edim ki, mənim elmi fəaliyyətim əsas etibarilə selen və selen əsasında hazırlanmış çeviricilərin fiziki xassələrinin tədqiqinə həsr olunmuşdur. AMEA-nın Fizika İnstitutu 1957-ci ildən etibarən selen və selenli birləşmələrin tədqiqi sahəsində keçmiş SSRİ-nin aparıcı elmi müəssisəsi olmuşdur. Mən də ömrümün 40 ildən çoxunu bu istiqamətdə fundamental elmi tədqiqatlara həsr etmişəm. Həmin dövrdə əldə etdiyimiz elmi nəticələr və hazırladığımız təkliflər əsasında yüksək səmərəli selen cihazlarının istehsalı məqsədilə Yoşkar-Ola şəhərində xüsusi istehsal sahəsi yaradılmışdı. Bu, tədqiqatlarımızın praktik tətbiq baxımından mühüm nəticələrindən biri idi.

Apardığımız uzunmüddətli tədqiqatların nəticələri müxtəlif təyinatlı selen cihazlarının xarakteristikalarının yaxşılaşdırılmasına, eləcə də infraqırmızı texnikada istifadə olunan yüksək fotohəssaslığa, yüksək müqavimətə və kristallaşmaya davamlı materialların əldə edilməsinə imkan verib. Hazırladığımız təkliflər keçmiş SSRİ dövründə Moskva və Sankt-Peterburqdakı qapalı elmi-istehsalat müəssisələrində vidikon hədəflərinin və elektrofotoqrafiya təbəqələrinin hazırlanması texnologiyalarında tətbiq olunub.

Bundan başqa, tədqiqatlarımızın nəticələri neft sənayesində də geniş tətbiq olunub və səmərəli nəticələr əldə edilib. Belə ki, respublikanın neftçıxarma müəssisələrində qazma nasoslarının rezin hissələri divinil-nitril kauçukuna selen və kükürd əlavələri daxil edilməklə hazırladığımız yeni materialla əvəz edilmişdi. Nəticədə rezinin möhkəmliyi əvvəlki materialla müqayisədə 40–50 faiz artmış, nasosların istismar müddəti isə əhəmiyyətli dərəcədə uzanmışdı.

Son illərdə isə tədqiqatlarımızın istiqamətləri daha da genişlənərək yeni elmi problemləri əhatə etməyə başlayıb. Hazırda selen əsaslı şüşəvari yarımkeçirici sistemlərdə şüşə-keçid hadisələrinin, amorf nazik təbəqələrdə xarici amillərin təsiri nəticəsində baş verən kristallaşma proseslərinin və dəyişən faza keçidlərinin öyrənilməsi istiqamətində araşdırmalar aparıram.

– Rəhbərlik etdiyiniz “Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasında hazırda hansı aktual istiqamətlər üzrə tədqiqatlar aparılır?

– Bildirmək istəyirəm ki, çalışdığım laboratoriya 1976-cı ildə yaradılıb və həmin vaxtdan 2022-ci ilədək laboratoriyanın rəhbəri olmuşam. Hazırda laboratoriyaya çox bacarıqlı alim, fizika üzrə elmlər doktoru Rəhim Ələkbərov rəhbərlik edir, mən isə baş elmi işçi kimi fəaliyyətimi davam etdirirəm. Bu gün laboratoriyada selen (Se) və tellur (Te) əsaslı çoxkomponentli xalkogenid şüşəvari sistemlərdə şüşə-keçid hadisələri, onların nazik təbəqələrində xarici amillərin təsiri ilə baş verən kristallaşma prosesləri, faza keçidləri, eləcə də müxtəlif fiziki xassələrin tədqiqi istiqamətində araşdırmalar aparılır.

Qeyd edim ki, xalkogenid yarımkeçiricilərin infraqırmızı şüalanma spektrində yüksək şəffaflığa, qeyri-xətti optik xassələrə və atmosfer rütubətinə qarşı yüksək davamlılığa malik olması onların tətbiq imkanlarını xeyli genişləndirir. Orta infraqırmızı optika üçün perspektiv materiallar hesab edilən bu maddələr gecəgörmə cihazlarında, istilik müşahidə kameralarında, kimyəvi sensorlarda və lifli-optik ötürücü sistemlərdə geniş tətbiq perspektivinə malikdir. Bundan əlavə, bu materiallarda dəyişən faza keçidinin müşahidə olunması xalkogenid şüşələrinin yaddaş elementləri və digər müasir informasiya saxlama texnologiyalarında istifadə olunması üçün əlverişli imkanlar yaradır.

Məlumatların saxlanma tutumu, faza keçidinin yüksək sürəti və enerji səmərəliliyi kimi üstün xüsusiyyətlər bu materiallar əsasında yeni nəsil yaddaş elementlərinin hazırlanmasına imkan yaradır. Bu yaddaş elementləri ənənəvi optik yaddaş daşıyıcıları ilə müqayisədə daha yüksək sürət, etibarlılıq və funksional imkanlarla seçilir.

Bundan başqa, bu maddələrdə amorf fazadan polikristal fazaya keçidin baş verməsi informasiyanın dəfələrlə yazılıb silinməsinə imkan verir. Məhz qeyd olunan xüsusiyyət onların təkrar yazılan optik daşıyıcıların – CD-RW və DVD-RW disklərinin hazırlanmasında perspektivli materiallar kimi tətbiqinə şərait yaradır.

– Prezident İlham Əliyevin müəyyənləşdirdiyi rəqəmsallaşma və innovasiya siyasəti fonunda süni intellekt texnologiyalarının fizika elminə inteqrasiyasını necə qiymətləndirirsiniz?

Mən elm sahəsində uzun illər ərzində təcrübə qazanmış bir alim kimi hesab edirəm ki, bu gün süni intellekt və rəqəmsallaşma müasir elmi tədqiqatların əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir. Müasir texnologiyalar fizika sahəsində böyük həcmli eksperimental məlumatların qısa müddətdə təhlilinə, mürəkkəb proseslərin modelləşdirilməsinə və mühüm elmi nəticələrin əldə olunmasına mühüm töhfə verir.

Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi rəqəmsallaşma və innovasiya siyasəti Azərbaycanda elmin inkişafı üçün yeni imkan və perspektivlər açır. Əminəm ki, bu istiqamətdə atılan addımlar fizika da daxil olmaqla fundamental elmlərin inkişafına, gənc tədqiqatçıların müasir texnologiyalara yiyələnməsinə və elmi nəticələrin daha sürətlə praktikaya tətbiqinə öz müsbət təsirini göstərəcək.

– AMEA-nın fizika üzrə ilk və hələ də yeganə qadın müxbir üzvü olaraq, qadınların dəqiq elmlərdə təmsilçiliyi məsələsini necə dəyərləndirirsiniz? Bu sahədə gənc qadın alimlərin qarşısında hansı çətinliklər və problemlər var?

– Əlbəttə ki, mən qadınların dəqiq elmlərdə təmsil olunmasını, gənc qızların bu sahəyə maraq göstərmələrini çox yüksək qiymətləndirirəm. Təəssüf ki, hələ də bəzən belə bir yanlış fikir səslənir ki, dəqiq elmlər qadınlar üçün uyğun sahə deyil. Halbuki, fizika və digər dəqiq elmlər qadın və ya kişi olmasından asılı olmayaraq hər kəsdən zəhmət, səbr, məsuliyyət və yaradıcı düşüncə tələb edir. Tarix də, müasir dövr də sübut edir ki, bu sahələrdə böyük uğurlar qazanan çoxsaylı qadın alimlər var. Elmdə uğurun əsas şərti insanın qabiliyyəti, zəhmətkeşliyi və elmə bağlılığıdır.

Gənc qadın alimlərə tövsiyəm odur ki, seçdikləri elm yolunda inamla irəliləsinlər və qarşılarına çıxan çətinliklərdən çəkinməsinlər. Elm davamlı öyrənməyi, dünya elmini izləməyi və qarşıya çıxan çətinliklərə baxmayaraq məqsəddən dönməməyi tələb edir. Əlbəttə, ailə məsuliyyəti, xüsusilə qadınlar üçün əlavə yük yarada bilər. Bununla yanaşı, bu gün elmlə məşğul olan hər bir tədqiqatçı, cinsindən asılı olmayaraq, eksperimental bazanın zəifliyi, müasir avadanlıq və material çatışmazlığı kimi problemlərlə də üzləşir. Buna baxmayaraq, əgər insan öz işini sevir və məqsədinə doğru inamla irəliləyirsə, bu çətinlikləri dəf edərək uğur qazana bilər.

– Səlimə xanım, beynəlxalq elmi əlaqələriniz və xaricdə apardığınız tədqiqatlar barədə də məlumat verməyinizi istərdik.

– Sevindirici haldır ki, fəaliyyətimiz boyu beynəlxalq elmi əlaqələrimiz kifayət qədər geniş və məhsuldar olub. Elmi fəaliyyətə başladığım ilk illərdən etibarən AMEA-nın Fizika İnstitutu həm keçmiş SSRİ məkanında, həm də digər ölkələrin nüfuzlu elmi mərkəzləri ilə geniş və səmərəli əməkdaşlıq əlaqələri qurub. Sankt-Peterburq Fizika-Texnika İnstitutu, eləcə də Kiyev, Minsk, Vilnüs və Kişinyovun Fizika institutları və universitetləri ilə uzun illər ərzində birgə tədqiqatlar aparmış, elmi nəticələr və təcrübə mübadiləsi həyata keçirmişik. Bu əməkdaşlıqların bir qismi bu gün də uğurla davam edir.

Bununla yanaşı, ABŞ, Türkiyə və Macarıstanın aparıcı elmi mərkəzləri ilə də məhsuldar elmi əlaqələrimiz mövcuddur. Hesab edirəm ki, beynəlxalq əməkdaşlıq elmi ideyaların zənginləşməsinə, müasir tədqiqat metodlarının mənimsənilməsinə və əldə olunan nəticələrin beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsinə mühüm töhfə verir.

Hazırda dünya elminin inkişaf tendensiyalarına uyğun olaraq, biz də xalkogenid şüşələrin tədqiqində müasir hesablama və modelləşdirmə metodlarından geniş istifadə edirik. Bu metodlar birbaşa klassik süni intellekt alqoritmləri olmasa da, fiziki və kvant-mexaniki qanunlara əsaslanan simulyasiya üsullarına söykənir. Son illərdə isə bu üsulların süni intellekt texnologiyaları ilə inteqrasiyası materialşünaslıq sahəsində yeni imkanlar açıb.

Məsələn, geniş istifadə olunan LAMMPS proqramında atomlararası qarşılıqlı təsiri təsvir edən potensiallar əvvəllər əsasən empirik modellər əsasında qurulurdusa, indi onlara süni intellekt əsaslı potensiallar inteqrasiya edilir. Bu yanaşma simulyasiyaların sürətini və dəqiqliyini dəfələrlə artırır, nəticədə tədqiq etdiyimiz xalkogenid şüşələrdə şüşə-keçid hadisələrinin mexanizmlərini daha dərindən öyrənməyə imkan verir.

– 85 illik həyat və zəngin elmi-pedaqoji yol haqqında düşünərkən, gənc nəslə, xüsusən fizika sahəsinə yönələn tələbə və gənc tədqiqatçılara hansı tövsiyələri vermək istərdiniz?

– Hər bir dövrün öz çağırışları olduğu kimi, elm də hər zaman yeniliklərə açıq olmağı, davamlı öyrənməyi və böyük məsuliyyət hissini tələb edib. Bu gün isə elmin inkişaf tempi daha da sürətlənib və gənc tədqiqatçılar qarşısında yeni imkanlar açılıb.

Gənclərə tövsiyəm odur ki, müasir dövrdə elmlə məşğul olmaq üçün əvvəlki dövrlərlə müqayisədə daha geniş imkanlar mövcuddur. Əgər elm yolunu seçmisinizsə və həqiqi alim olmaq istəyirsinizsə, ilk növbədə seçdiyiniz sahəni sevməli, daim öyrənməyə və öz üzərinizdə çalışmağa hazır olmalısınız. Elmdə uğur yalnız istedadla deyil, həm də zəhmət, səbr və ardıcıl axtarışlarla qazanılır.

Eyni zamanda, dünya elmini yaxından izləmək, xarici ölkələrin təcrübəsindən faydalanmaq, ixtisasınız üzrə elmi ədəbiyyatı mütəmadi oxumaq və əldə etdiyiniz nəticələri həmkarlarınızla müzakirə etmək çox vacibdir. Elmi müzakirələr yeni baxışların, ideyaların və tədqiqat istiqamətlərinin formalaşmasına təkan verir. Qoy gənclərimiz qısamüddətli uğurları deyil, uzunmüddətli məqsədləri qarşılarına qoysunlar, dürüstlüyü və elmi etikaya sadiqliyi hər zaman qorusunlar.

Müsahibəni apardı: AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova