“Panik atak keçirən insanlarla işləyərkən ilk növbədə onların qorxusunun mənbəyini anlamaq vacibdir. Psixoloqun əsas məqsədi müraciət edən şəxsin hansı düşüncələrin panik vəziyyəti yaratdığını müəyyənləşdirməkdir. İnsan başa düşməlidir ki, panik atak nə qədər ağır hiss olunsa da, həyati təhlükə yaratmır və bu vəziyyət müvəqqətidir”.
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.
Onun sözlərinə görə, panik atak zamanı ilk tövsiyə olunan üsullardan biri nəfəsin tənzimlənməsidir. Şəxs yavaş və dərin nəfəs almalı, təxminən 4 saniyə ərzində nəfəs alıb, 6 saniyə ərzində sakit şəkildə nəfəsini verməlidir:
”Bu üsul orqanizmin gərginliyini azaltmağa və panikanın şiddətini zəiflətməyə kömək edir.
Panik atak yaşayan insanların bir qismində klaustrofobiya da müşahidə olunur. Məsələn, liftə minmək, qapalı məkanda qalmaq və ya avtobusun qapılarının bağlanması kimi hallar onlarda güclü narahatlıq yarada bilər. Bu zaman insanın ağlına avtomatik olaraq "çıxa bilməyəcəyəm", "boğulacağam", "buradan xilas ola bilməyəcəyəm" kimi düşüncələr gəlir. Məhz bu düşüncələr panik reaksiyanı gücləndirir.
Belə hallarda relaksasiya məşqləri və meditasiya üsulları faydalıdır. Əzələləri boşaltmaq, nəfəsi nəzarətdə saxlamaq və diqqəti qorxu yaradan fikirlərdən uzaqlaşdırmaq panik hissinin azalmasına kömək edir.
Klaustrofobiya və panik atakların müalicəsində ən effektiv yanaşmalardan biri koqnitiv davranış terapiyasıdır. Bu terapiya insanın mənfi və avtomatik düşüncələrini dəyişməyə, qorxularını mərhələli şəkildə aradan qaldırmağa kömək edir. Bir çox hallarda müntəzəm terapiya seanslarından sonra qısa müddətdə müsbət nəticələr əldə olunur və insan gündəlik həyatına daha rahat şəkildə davam edə bilir”.