"Donald Trampın Türkiyəyə səfərini həm onun öz açıqlamaları, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatları fonunda qiymətləndirmək olar".
Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, hər iki lider ABŞ–Türkiyə münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduqlarını açıq şəkildə ifadə ediblər. Xüsusilə F-35 proqramı ilə bağlı Donald Trampın Türkiyənin problemlərinin həllinə dəstək verəcəyini bildirməsi diqqətçəkən məqamlardan biridir:
"Prezident Rəcəb Tayyib Ərdoğan da yaxın vaxtlarda bu istiqamətdə müsbət xəbərlərin olacağına dair açıqlama verib.
Bütün bunlar onu göstərir ki, Vaşinqton artıq Yaxın Şərq və Cənubi Qafqaz regionları ilə bağlı mövcud geosiyasi reallıqları daha aydın şəkildə dərk etməyə başlayıb.
Əgər on, on beş və ya iyirmi il əvvəl ABŞ-da belə hesab edilirdisə ki, Türkiyə və Azərbaycan olmadan da bu regionlarda maraqları təmin etmək, yaxud alternativ tərəfdaşlarla eyni nəticələri əldə etmək mümkündür, bu gün reallıq bunun əksini göstərir.
Artıq aydın olur ki, həmin yanaşmalar praktikada özünü doğrultmayıb və bir çox hallarda Türkiyə və Azərbaycana qarşı formalaşdırılmış qərəzli yanaşmaların təsiri altında olub.
Müxtəlif dövrlərdə həm Türkiyəyə, həm də Azərbaycana qarşı atılan addımlar göstərirdi ki, bu iki ölkə müəyyən siyasi qərəzin hədəfinə çevrilmişdi və onların Qərblə münasibətlərinin inkişafına mane olmağa çalışan dairələr mövcud idi.
Lakin regionda baş verən son hadisələr göstərdi ki, Yaxın Şərqdə Türkiyəsiz dayanıqlı siyasi model qurmaq mümkün deyil. Eyni zamanda, Cənubi Qafqazda da Azərbaycan nəzərə alınmadan yeni regional reallıq formalaşdırmaq və ya uzunmüddətli maraqları təmin etmək mümkün deyil.
Çünki Yaxın Şərqin ən güclü və ən təsirli dövlətlərindən biri Türkiyədirsə, Cənubi Qafqazın aparıcı dövləti də Azərbaycandır. Regionda yaranmış yeni geosiyasi reallıqlar məhz bu amillər üzərində qurulub və yaxın illərdə, hətta onilliklərdə belə, bunun dəyişməsi real görünmür.
Məhz buna görə də Donald Tramp administrasiyası anlayır ki, İran ətrafında gərginliyin davam etdiyi, eyni zamanda ABŞ-ın Şərqi Avropa, Uzaq Şərq və Latın Amerikasında müxtəlif çağırışlarla üzləşdiyi bir dövrdə Vaşinqton Yaxın Şərqdə maraqlarını daha səmərəli qorumaq istəyirsə, bunu Türkiyə ilə əməkdaşlıq çərçivəsində həyata keçirməlidir.
Eyni yanaşma Cənubi Qafqaz üçün də keçərlidir. Bu regionda ABŞ və Qərb üçün etibarlı tərəfdaş rolunu Azərbaycan oynayır.
Bunun Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, Vaşinqton bu reallığı qəbul etdikcə, ABŞ-ın müttəfiqləri olan Qərbi Avropa ölkələri də regionla bağlı siyasətlərini bu reallıqlara uyğunlaşdırmağa məcbur olacaqlar.
Nəticə etibarilə, Azərbaycan və Türkiyəyə qarşı mövcud olan ön mühakimələr və stereotiplər tədricən aradan qalxacaq, bu iki ölkə ilə əməkdaşlığın qarşı tərəflər üçün də faydalı olduğu daha aydın şəkildə başa düşüləcək.
Bu isə həm Azərbaycanın, həm də Türkiyənin beynəlxalq tərəfdaşlarının sayının artmasına, regional əməkdaşlığın genişlənməsinə və mövcud problemlərin daha qısa müddətdə həll olunmasına əlavə imkanlar yaradacaq".