"Milli mətbuat dövlətçiliyimizin mühüm dayağıdır" - POLİTOLOQ DANIŞDI

14 İyul 2026 14:11 (UTC+04:00)

"22 İyul Milli Mətbuat Günü təkcə Azərbaycan jurnalistikasının yaranmasının ildönümü deyil, həm də milli düşüncənin, ictimai həmrəyliyin və dövlətçilik ənənələrinin inkişaf tarixinin mühüm mərhələsidir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti milli mətbuatımızın təməlini qoymaqla yanaşı, cəmiyyətin maariflənməsində və milli özünüdərkin formalaşmasında müstəsna rol oynadı:

"Bu gün Azərbaycan mediası yeni mərhələyə qədəm qoyub. İnformasiya müharibələrinin getdikcə sərtləşdiyi bir dövrdə peşəkar, məsuliyyətli və milli maraqları əsas götürən jurnalistika dövlətin informasiya təhlükəsizliyinin vacib elementlərindən birinə çevrilib. Xüsusilə postmüharibə dövründə media Azərbaycanın beynəlxalq mövqeyinin, həqiqətlərinin və regional baxışının dünya ictimaiyyətinə çatdırılmasında mühüm missiya yerinə yetirir.

Eyni zamanda, rəqəmsal transformasiya medianın qarşısında yeni çağırışlar yaradıb. Dezinformasiyaya qarşı mübarizə, faktların operativ yoxlanılması və peşə etikası prinsiplərinə sadiqlik müasir jurnalistikanın əsas meyarlarıdır. Güclü dövlət güclü informasiya siyasəti tələb etdiyi kimi, güclü informasiya siyasəti də peşəkar və məsuliyyətli medianı zəruri edir.

22 İyul Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara cəmiyyətin düzgün məlumatlandırılması, milli maraqların qorunması və obyektiv jurnalistika prinsiplərinə sadiq fəaliyyətlərində uğurlar arzulayıram. Azərbaycan mətbuatının zəngin tarixi gələcək inkişaf üçün də möhkəm əsas olaraq qalır".