"Rəqəmsal dünya bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib və gündəlik yaşam tərzimizi əhəmiyyətli dərəcədə dəyişdirib". Bu sözləri SİA-ya açıqlamasında, uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssis, Valideyn Məktəbi-nin təsisçisi Aysel Rəsulzadə bildirib.
Onun sözlərinə görə, uşaqları texnologiyadan tamamilə uzaq saxlamaq mümkün deyil:
"Əsas məqsəd texnologiyanı həyatımızdan çıxarmaq deyil, ondan düzgün və təhlükəsiz istifadə etməyi uşaqlara öyrətməkdir.
Rəqəmsal texnologiyalar uşaqların psixoloji inkişafına həm müsbət, həm də mənfi təsir göstərə bilər. Düzgün və nəzarətli istifadə olunduqda onların öyrənmə bacarıqlarını, yaradıcılığını, tədqiqat aparmaq qabiliyyətini və digər inkişaf sahələrini gücləndirir.
Lakin nəzarətsiz istifadə emosional problemlərə, davranış pozuntularına və diqqət çatışmazlığına səbəb ola bilər.
Bu gün bir çox uşaq telefon və planşetdə qısa videolar izləməyə üstünlük verir. Sosial şəbəkələrdə sürətlə dəyişən görüntülər beynin daimi sürətli stimullara alışmasına səbəb olur. Nəticədə uşaq uzun müddət diqqət tələb edən fəaliyyətlərdə, məsələn kitab oxumaqda və ya dərs tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkir. Problem kitabda deyil, beynin sürətli informasiyaya alışmasındadır. Buna görə də uşaqların diqqətini sağlam və faydalı fəaliyyətlərə yönəltmək vacibdir.
Valideynlərin ən çox etdiyi səhvlərdən biri uşaq ağladıqda, darıxdıqda və ya onları məşğul etmək istədikdə telefondan istifadə etmələridir. Belə olduqda uşaq öyrənir ki, darıxanda, əsəbiləşəndə və ya sıxılanda çıxış yolu telefondur. Zaman keçdikcə o, emosiyalarını ekran vasitəsilə idarə etməyə alışır. Halbuki uşaqların darıxmağa, düşünməyə, oyun qurmağa və yaradıcılıqlarını inkişaf etdirməyə ehtiyacları var. Onlara kitab oxumaq, rəsm çəkmək, konstruktiv oyunlar oynamaq və digər inkişafetdirici fəaliyyətlər təklif olunmalıdır.
Uzun müddət ekran qarşısında qalmaq uşaqların sosial bacarıqlarını da zəiflədir. Heç bir texnologiya göz təmasını, birlikdə oyun oynamağı, növbə gözləməyi, paylaşmağı və canlı ünsiyyəti əvəz edə bilməz. Bu bacarıqlar yalnız real münasibətlər və sosial mühitdə formalaşır.
Yeniyetmələr üçün sosial şəbəkələrin digər təhlükəsi ideal həyat görüntüləridir. Onlar sosial mediada gördükləri həyat tərzini öz həyatları ilə müqayisə edir və özlərini uğursuz hesab etməyə başlayırlar. Valideynlər övladlarına izah etməlidirlər ki, sosial şəbəkələr real həyatı tam əks etdirmir və orada göstərilən hər şey gerçək deyil.
Valideynlər ilk növbədə öz davranışları ilə nümunə olmalıdırlar. Əgər valideyn uşağa telefonu kənara qoymağı tövsiyə edir, amma özü daim telefondan istifadə edirsə, uşaq sözə deyil, davranışa diqqət yetirəcək. Telefon uşağın dayəsi, dostu və ya tərbiyə vasitəsi olmamalıdır.
Ailədə telefonsuz vaxtların olması da böyük əhəmiyyət daşıyır. Məsələn, yemək zamanı, ailə söhbətlərində və yatmazdan əvvəl telefonlardan istifadə edilməməlidir. Bunun əvəzinə birlikdə vaxt keçirmək, söhbət etmək və ünsiyyət qurmaq uşağın psixoloji sağlamlığına müsbət təsir göstərir.
Uşağın həyatında telefon deyil, kitab, idman, açıq havada oyunlar, musiqi, rəsm, ailə ilə keçirilən keyfiyyətli zaman və dostlarla canlı ünsiyyət üstünlük təşkil etməlidir. Bu fəaliyyətlər artdıqca telefonun mənfi təsiri də azalacaq.
Nəticə etibarilə, uşaqları texnologiyadan qoruyan əsas amil qadağalar deyil, sağlam ailə münasibətləri və düzgün tərbiyədir. Uşaq evdə dinlənilirsə, onunla keyfiyyətli vaxt keçirilirsə və valideyn onunla güclü emosional bağ qurursa, telefon onun üçün əsas sığınacaq olmayacaq. Bu gün qarşılaşdığımız ən böyük təhlükə ekranların insani münasibətləri əvəz etməsidir. Buna görə də uşaqlarımızın əlinə telefon verməzdən əvvəl onların əlindən tutmalı, onlarla daha çox vaxt keçirməli və texnologiyadan düzgün istifadə mədəniyyətini birlikdə formalaşdırmalıyıq".
Lətifə Musayeva