Pandemiyadan sonra hansı şikayətlər artdı? - HƏKİM AÇIQLADI

14 İyul 2026 12:12 (UTC+04:00)

Nevroloji baxımdan post-COVID sindromu ilə əlaqədar ən çox rast gəlinən şikayətlər yaddaşın zəifləməsi, diqqət pozğunluğu və düşünmə qabiliyyətinin əvvəlki kimi olmamasıdır. Xəstələr bunu çox vaxt “beyin dumanı” kimi təsvir edirlər. Onlar fikirlərini toplamaqda çətinlik çəkdiklərini, hadisələri xatırlaya bilmədiklərini, yeni məlumatları yadda saxlamağın çətin olduğunu bildirirlər. Danışıq zamanı söz tapmaqda çətinlik çəkmək və fikri tam ifadə edə bilməmək kimi hallar da müşahidə olunur.

Bu sözləri SİA-ya nevroloq Rəna Abbasova deyib.

O bildirib ki, bəzi xəstələrdə COVID-19 infeksiyasından sonra yuxu pozğunluqları da meydana çıxır. Xüsusilə yaşlı insanlarda yuxusuzluq daha çox müşahidə edilir. Hərçənd bu, bütün xəstələrdə rast gəlinən hal deyil:

“Bundan başqa, uzunmüddətli yorğunluq, halsızlıq, həvəssizlik və gündəlik fəaliyyətlərə marağın azalması da post-COVID dövrünün xarakterik əlamətlərindəndir. Bir çox insanlar daimi yorğunluq hiss etdiklərini, əvvəlki kimi işləmək və ya hərəkət etmək istəmədiklərini bildirirlər.

Psixoloji baxımdan isə həyəcanın və qorxu hissinin artması müşahidə oluna bilər. Stress və əsəbilik təkcə COVID-19-a xas olmasa da, infeksiyadan sonra bəzi insanlarda bu əlamətlərin daha qabarıq şəkildə ortaya çıxdığı müşahidə edilir.

Post-COVID sindromu yalnız sinir sistemi ilə məhdudlaşmır. Ürək-damar sistemi ilə bağlı problemlər, tromb yaranma riskinin artması və damar fəsadları da qeydə alına bilər. Bundan əlavə, bəzi xəstələr ayaqlarda şişkinlik və ya maye toplanması kimi problemlərdən şikayət edirlər.

Tənəffüs sistemi ilə bağlı davam edən nəfəs darlığı da geniş yayılmış əlamətlərdəndir. Bəzən bu vəziyyət panik atakla qarışdırılsa da, xəstələr bildirirlər ki, COVID-19-a yoluxmazdan əvvəl belə problemləri olmayıb və bu hallar məhz infeksiyadan sonra yaranıb.

Bəzi insanlar infeksiyadan sonra immun sisteminin zəiflədiyini, tez-tez xəstələndiklərini və müxtəlif infeksiyalara qarşı daha həssas olduqlarını da qeyd edirlər.

Eyni zamanda, COVID-19 zamanı itən iybilmə və dadbilmə hissinin bəzi xəstələrdə tam bərpa olunmaması halları da müşahidə edilir. Onlar infeksiyadan uzun müddət keçməsinə baxmayaraq, qoxu və dad hissinin əvvəlki səviyyəyə qayıtmadığını bildirirlər”.

Ayşən Vəli