"AI jurnalisti əvəz etməyəcək, onu gücləndirəcək" - Fərid Pərdəşünas

14 İyul 2026 11:00 (UTC+04:00)

“AI dövründə fərdiləşdirilmiş informasiya ön plana çıxacaq. Süni intellekt istifadəçilərin maraqlarını analiz edərək onlara uyğun məzmun təqdim edəcək”.

SİA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri texnobloqer Fərid Pərdəşünas IV Şuşa Qlobal Media Forumunun son günündə çıxışı zamanı səsləndirib.

O bildirib ki, süni intellekt media və jurnalistikanın inkişafında yeni mərhələ yaradır və artıq jurnalist, redaktor, tərcüməçi, eləcə də məzmun hazırlayan köməkçi kimi fəaliyyət göstərə bilir.

Fərid Pərdəşünas qeyd edib ki, AI tərcümə, sadə xəbər hazırlanması və digər rutin prosesləri sürətlə yerinə yetirsə də, yaradıcılıq, analitik düşüncə və araşdırma jurnalistikasını tam əvəz edə bilməz. Onun sözlərinə görə, AI-dan istifadə edən jurnalistlər gələcəkdə üstünlük qazanacaq.

Texnobloqer vurğulayıb ki, süni intellektin əsas mənbəyi insanların yaratdığı məlumatlardır. O əlavə edib ki, internetdə AI tərəfindən hazırlanan məzmunun artması gələcəkdə yeni və orijinal məzmunun əhəmiyyətini daha da artıracaq. Buna görə də insan yaradıcılığı, araşdırma jurnalistikası və orijinal məzmun istehsalı media üçün əsas dəyər olaraq qalacaq.