“Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılışında iştirakı və forum çərçivəsində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasi və media dialoqunun mühüm ünvanına çevrilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, dövlət başçısının çıxışı dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələri üçün Azərbaycanın mövqeyini birbaşa mənbədən eşitmək baxımından mühüm əhəmiyyət daşıyırdı:
"Prezident İlham Əliyev Azərbaycanın regional proseslərə yanaşmasını, sülh gündəliyini, milli maraqlara söykənən xarici siyasətini və dəyişən geosiyasi şəraitdə ölkəmizin strateji baxışını aydın şəkildə ortaya qoydu.
Forumun məhz Şuşada keçirilməsi xüsusi siyasi və simvolik məna daşıyır. Bu, işğaldan azad edilmiş torpaqlarımızın artıq beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, Qarabağda həyatın bərpa olunduğunu və Azərbaycanın bu bölgəni qlobal əməkdaşlıq məkanına çevirdiyini nümayiş etdirir.
Bu gün informasiya mühiti dövlətlər arasında münasibətlərin formalaşmasına ciddi təsir göstərir. Belə bir dövrdə Şuşa Qlobal Media Forumu qarşılıqlı etimadın möhkəmlənməsinə, dezinformasiyaya qarşı birgə mübarizəyə və media nümayəndələri arasında peşəkar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Prezident İlham Əliyevin forumda səsləndirdiyi mesajlar isə Azərbaycanın həm regionda, həm də beynəlxalq müstəvidə təşəbbüskar və məsuliyyətli aktor kimi mövqeyini bir daha təsdiqlədi".