“Qlobal rəqəmsal platformalar söz azadlığı və informasiya mübadiləsi üçün böyük imkanlar yaratsa da, eyni zamanda ciddi risklər də meydana çıxarır”.
SİA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali Qurumunun (HACA) prezidenti Latifa Akharbach səsləndirib.
O bildirib ki, rəqəmsal platformalar bəzən viral məntiq əsasında işləyərək cəmiyyətlərdə gərginlik yaradır, hətta məhkəmə proseslərinə və diplomatik böhranlara səbəb ola biləcək informasiya mühiti formalaşdırır.
Latifa Akharbach qeyd edib ki, bu platformalar informasiyanı keyfiyyət, etibarlılıq və etik meyarlar əsasında deyil, əsasən alqoritmik və viral prinsiplərlə yayır. Onun sözlərinə görə, daha çox görünən məzmun hər zaman həqiqəti əks etdirmir və əksər hallarda emosional reaksiyalar doğuran, cəmiyyəti qütbləşdirən paylaşımlar ön plana çıxır.
HACA prezidenti vurğulayıb ki, qlobal rəqəmsal platformalar bazar azadlığını və informasiyaya çıxışı genişləndirsə də, eyni zamanda cəmiyyətlər və dövlətlərarası münasibətlər üçün yeni çağırışlar yaradır.