“Media islahatlarının məqsədi peşəkar jurnalistikanı gücləndirməkdir” - Prezident köməkçisi

14 İyul 2026 09:37 (UTC+04:00)

“Media islahatlarının əsas məqsədi peşəkar jurnalistikanı gücləndirmək, media institutlarının potensialını artırmaq, yüksək etik standartları təşviq etmək və media savadlılığını inkişaf etdirməkdir”.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunun son günündə çıxışı zamanı deyib.

O bildirib ki, media islahatları yalnız qanunvericilik dəyişiklikləri ilə məhdudlaşmır. Bu proses dayanıqlı media institutlarının qurulmasını, jurnalistlərə investisiya qoyulmasını, dezinformasiyaya qarşı dayanıqlığın artırılmasını və ictimai etimadın möhkəmləndirilməsini əhatə edir.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan son illərdə beynəlxalq miqyasda dezinformasiya kampaniyalarının hədəfinə çevrilib. Onun sözlərinə görə, CNN tərəfindən yayımlanan materiallarla bağlı faktlara əsaslanan cavab təqdim olunsa da, peşəkar jurnalistika prinsiplərinə uyğun düzəliş edilməyib.

Prezidentin köməkçisi vurğulayıb ki, hökumətlər, media qurumları, texnologiya şirkətləri, akademik dairələr və vətəndaş cəmiyyəti birlikdə şəffaf, dəqiq və hesabatlı informasiya mühitinin formalaşdırılması üçün ortaq məsuliyyət daşıyırlar.

O əlavə edib ki, etimadın yenidən qurulması səmimiyyət, peşəkarlıq və qarşılıqlı hörmət əsasında mümkündür və Şuşa Qlobal Media Forumu bu istiqamətdə praktik əməkdaşlıq üçün mühüm platformadır.